Azərbaycanın “Sahə” filmi Moskvada keçiriləcək XIII Beynəlxalq “DetekFEST” hüquq-mühafizə film festivalında təmsil olunacaq. Aprelin 20-də start veriləcək festival 4 gün davam edəcək. XIII Beynəlxalq “DetekFEST” film festivalında iştirak etmək üçün 34 ölkədən 330 müraciət daxil olub. MDB ölkələrindən başqa İtaliya, İspaniya, Kolumbiya, Tayvan, Norveç, Niderland, Cənubi Afrika Respublikası, Kanada və digər ölkələr də iştirak üçün sorğu göndəriblər. Bu il festivalın müsabiqəsində 56 bədii, 29 detektiv serialı, 96 sənədli və qısametrajlı film, 150 televiziya proqramı mübarizə aparacaq.
   Ehtimal olunur ki, festivalın xüsusi mükafatı olan “Canlı əfsanə” rejissor Stanislav Qolvoruxinin “Görüş yerini dəyişmək olmaz” filminə təqdim olunacaq. Çünki bu il Qolvoxurinin 75, həmin filmin isə 30 illiyi qeyd olunur. Diskussiya və kino baxışlarından əlavə festival təşkilatçıları çox geniş proqram hazırlayıblar. Festival komandasına məşhur rejissor Yuri Qrimovun yaradıcılıq emalatxanasının tələbələri də qatılacaqlar.