Kino tariximizdən 
   
   Filmin çəkilişləri ilə bağlı kadrarxası müzakirələr
   
   1934-cü il dekabrın 31-də Cəfər Cabbarlı vəfat edəndən sonra böyük dramaturqun ssenarisi əsasında “Almaz” filminin çəkilişi ilə bağlı yaradıcı qrupla studiyanın rəhbərliyi arasında uzun müddət söz-söhbət getdi. Bu cəhətdən kinostudiyada keçirilən iclaslarda aparılan müzakirələr diqqəti cəlb edir.
      
   “Azərfilm” tresti kinofabrikinin bədii şöbəsinin 7 may 1935-ci il tarixli iclasının protokolu. Gündəlikdə: “Almaz” ssenarisi üzrə rejissor şərhi.
   Braginski: Ssenariyə 1936-cı il mövqeyindən yanaşmaq və filmi nikbin əhval-ruhiyyədə yaratmağı qarşımıza məqsəd qoymuşuq.
   Dubrovski: İndiki vəziyyətdə iki məsələ qiymətlidir: birincisi, bu ssenari Cabbarlınındır. İkincisi, ssenari filmi yaratmaq üçün tam əsas verir. Yalnız düzgün başa düşmək və obrazları şərh etmək lazımdır.
   Braginski: Mən səsli filmin tərəfdarıyam. Biz əsl səsli ssenari hazırlamalıyıq. Onu etmək asandır. Ona görə ki, əlimizdə pyes və ssenarinin səssiz variantı var. Quruluşun iki variantda - türk və rus dillərində olması məni o qədər də qorxutmur. Aktyorlarımız dili bilirlər. İndiki halda aksentin qalmasında qorxulu heç nə yoxdur. Bu baxımdan Barnetin təcrübəsi ən yaxşı göstəricidir (“Mavi dənizin sahilində” ilk səsli Azərbaycan bədii filmi nəzərdə tutulur - A.K.). Yusifi rus səhnəsinin aktyoru oynayır. O, bilərəkdən aksentini bildirir. Danışıq isti və inandırıcı alınır. Hər halda “Almaz” səsli filmini bir ildən sonra ekrana buraxacağıq.
   Səsli filmi yaratmaq qərarı daha hansı çətinlikləri ortaya çıxaracaq?
   1. 1935-ci il planını yerinə yetirməmək. 2. Quruluşun bahalaşması 3. Ssenarinin bütün instansiyalardan keçirilməsinin vacibliyi. 4. Gənc, təcrübəsiz rejissorlara xüsusi diqqətin yetirilməsi. Bu o deməkdir ki, bu il nəzərdə tutduğumuz kimi, biz “Almaz” filmini ekranlara buraxmayacağıq.
   N.Şengelaya: Mən kadr məsələsinə toxunmaq istəyirəm. Əgər adamlar bizim işimizlə üzvi şəkildə qaynayıb qarışsalar mən onların kinofabrikə dəvət olunmasının əleyhinə deyiləm. Düzdür, fabrik adamları dəvət etməlidir, lakin eyni zamanda öz milli kadrlarını yaratmalıdır. Bu isə risklə bağlıdır.
   Nəyə görə Gürcüstan Dövlətkinosənayenin kadrları vardır? Biz bu il istehsala altı yeni film buraxmışıq. Rəhbərlik bu işi bacarıqla görmüşdür. İstedadlıları birdən-birə toplaya bilməzsən. İstedad iş prosesində üzə çıxır. Risk etmək lazımdır. Bu çox böyük məsuliyyət tələb edən işdir. Heç bir Şengelaya heç nə edə bilməz, əgər bütün fabrik kollektivində “Almaz” filmini səsli etmək üçün cəsarət tapılmasa. Mən yalnız köməklik göstərə bilərəm.
   Dubrovski: Almaz kəndə məcburi yox, öz arzusu ilə getmişdir. O, qarşısına çıxan bütün çətinliklərə baxmayaraq, onları aradan qaldırmağa səy göstərir.
   Braginski: “Almaz”ın səsli quruluşuna gəldikdə mən bunları söyləyə bilərəm ki, biz Dubrovski ilə birgə hələ Cabbarlının sağlığında onun yanında olarkən, o, “Almaz”ı nə üçün səsli etmək lazım gəlmədiyini qeyd etmişdi. O, demişdi: “Məni xalq nə üçün sevir, çünki mən onların dilini bilirəm, mən onların nə düşündüklərini bilirəm...”. Səsli film üçün pyesdən ssenari yaratmaq məsələsi Cəfər Cabbarlını çox narahat edirdi.
   Sultanov, kinematoqrafiya naziri: İndiki mərhələdə səsli filmlər bizim inkişafımızın yeni pilləsini təşkil edir. Bu məsələ düzgün qoyulmuşdur, həm də aktualdır. Əlbəttə, bu fikri həyata keçirmək risklə, çətinliklərlə bağlıdır. Çünki bu yeni işdir. Şengelaya öz fikrini söylədi və səsli filmin yaradılması məsələsini qaldırdı.
   M.Ağamirov, “Azərfilm”in direktoru, iclasın qərarını elan edir: “Almaz” filminin çəkilişlərini dayandırırıq və bütün işçiləri ssenarinin səsli variantının hazırlanmasına yönəldirik.
   “Azdövlətkinosənaye” kinofabrikinin bədii şöbəsi əvvəlki iclasdan 18 gün sonra yenidən iclas çağırmalı oldu. Yenə də gündəlikdə “Almaz” ssenarisi üzrə rejissor işi məsələsi dururdu.
   Braginski: Biz işimizdən narazıyıq. Bəzi səhnələri yenidən çəkmək istərdik. İşə başlamazdan əvvəl hiss etmişdik ki, ssenari ağırlaşdırılmışdır. Səhvimiz ondadır ki, biz rejissorlar ssenariyə tənqidi yanaşmadıq. Ssenaridə çoxlu mənfi, az müsbət obrazlar vardır. Heç də bütün aktyorlardan razı deyiləm. Almazla (bu rolu ifa edən aktrisanı nəzərdə tutur - A.K.) işləmək çox çətindir, lakin biz ondan razıyıq.
   Dubrovski: Qeyd etmək istəyirəm ki, film çəkilən zaman ssenari haqqında belə danışmaq yaxşı üsul deyil. Ssenari ikiqat qiymətlidir: birincisi, ona görə ki, o Cabbarlı tərəfindən yazılmışdır. İkincisi isə ona görə ki, ssenari bizim tərəfimizdən lazımi qiymətini almışdır. Bu ssenari filmin uğuruna tamamilə təminat verir. Mənim fikrimcə, ssenari uğurludur. O sizin işinizdə təməl daşı olmalıdır. Ayrı-ayrı səhnələr çox yaxşıdır.
   Tomski: Bizim rejissorlarımız ssenarinin quluna çevrilmişlər.
   Dubrovski: Ssenaridə kənddə aparılan sinfi mübarizənin müəyyən tarixi mərhələsi öz əksini tapmışdır. Məsələ heç də onda deyil ki, ssenaridə dəyişikliklər aparasınız, əsas məsələ odur ki, materialı düzgün təqdim edəsiniz. Nəzərə almaq lazımdır ki, yol. Braginski dramaturq kimi yol. Cabbarlıdan zəifdir. Bu ssenari dramaturji cəhətdən təməl daşıdır. Filmi də məhz onun əsasında çəkmək lazımdır. Bu ssenaridə əsas məsələ Almaz obrazıdır. Heç bir şeylə əsaslanmayan ssenarinin dəyişdirilməsi haqqında yox, obrazların traktovkası, rejissor işi barədə danışmaq lazımdır.
   Almaz sovet həqiqətlərinin müsbət başlanğıcının daşıyıcısıdır. Əgər o, bütün film boyu həyatsevərliyini qoruyub saxlaya bilsə - bu, yubka geymiş “Çapayev”dir. Ssenari bütünlüklə Almazın mənfi qüvvələrə qarşı mübarizəsi üzərində qurulmuşdur. Dəzgahların işə salınması ilə bağlı çətinliklərin aradan qaldırılması, Hacı Əhmədlə əlaqədar səhnələr, Şərifə olan inamın itməsi nəticəsində ona qarşı aparılan mübarizə - bütün bunlar gənc müəllimənin mübarizəsinin mərhələləridir.
   Almaz əvvəlcə tərəddüd edir, sonradan onun hərəkəti qəhrəmanlığa çevrilir. Dramaturji cəhətdən müəllimənin vəziyyəti getdikcə mürəkkəbləşir.
   Obrazların traktovkasına, ssenariyə rejissor münasibətinə yenidən baxmaq lazımdır. Əsas məsələ mərkəzi Almaz obrazıdır. Əgər rejissorlar filmi çəkə bilmirlərsə, bunu demək lazımdır. Nəinki Almaz soyuqdur, həm də sizin ssenariyə münasibətiniz soyuqdur. Ssenariyə münasibətinizə yenidən baxmalısınız. Əgər rejissorlar hiss edirlər ki, yaxşı film çəkə bilərlər, qoy işləsinlər. Əgər bunu hiss etmirlər, qoy desinlər. Ssenariyə xırda düzəlişlər aparmaq lazımdır.
   
   P.S. Burada məqaləyə nöqtə qoymaq olardı, əgər “Azərfilm” Moskvadan Kinofilmlərin Baş İdarəsindən aşağıdakı məzmunda məktub almasaydı. Məktubda deyilirdi: “Yol. İ.P.Dubinskiyə. Şəxsən.
   Kinofilmlərin Baş İdarəsi sizin xahişinizi nəzərə alaraq, belə hesab edir ki, səssiz variantda olan “Almaz” filmini əsasən musiqi partiturası, harada mümkünsə səs və hay-küylə səsləndirəsiniz.
   Bu filmin səsləndirilmə proqramına söz və dialoqlardan istifadə olunması daxil edilməməlidir. Filmi səsləndirərkən bir daha onun montajını yoxlamalı, əsərin ritmini pozan kadrları qısaltmalı.
   Hazır film təhvil verilməlidir: 1 avqust 1936-cı il”.
   
   * * *
   Bəzi mənbələrdə “Almaz” ilk səsli bədii film kimi təqdim olunmuşdur. Əslində isə “Almaz” Azərbaycan kinosunun sonuncu səssiz filmidir. Bu film iki variantda çəkilmişdir. Yəni birinci variant tam səssizdir. İkinci variantda isə yalnız musiqidən istifadə edilmişdir. Filmə musiqini bəstəkarlar Niyazi və Zülfüqar Hacıbəyli yazıb. Lakin aktyorlar danışmırlar. Aktyorların dialoqları yazılar vasitəsilə verilmişdir.
   
   Aydın Kazımzadə,
   Əməkdar incəsənət xadimi