Azərbaycan
    
   31 may 1898 - Tanınmış xanəndə, Əməkdar artist Zülfü Səmədoğlu Adıgözəlov (1898-1963) Şuşanın Qaradolaq kəndində anadan olub.
   31 may 1922 - Xalq artisti, görkəmli müğənni Sara Bəbiş qızı Qədimova (1922 - 12.5.2005) Bakıda anadan olub. Əslən Ağdamın Abdal-Gülablı kəndindəndir. Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet Teatrının solisti olub, Azərbaycan musiqisinin xaricdə təbliğinə böyük töhfə verib.
   31 may 1929 - Bəstəkar, Xalq artisti Oqtay Qədir oğlu Zülfüqarov (1929 - 31.8.2016) anadan olub. "Əlibaba və 40 quldur" (balet), "Azərbaycan gəncləri" (oda), uşaqlar üçün çoxsaylı musiqi əsərləri, 300-dən çox mahnının müəllifidir.
   
   1 iyun 1920 - Azərbaycanda sovet hökuməti teatrların milliləşdirilməsi haqqında dekret verib. Azərbaycan Dövlət Teatrı yaradılıb. 
   1 iyun 1936 - Xalq artisti, dirijor, professor Nəriman Abbasqulu oğlu Əzimov (1936 - 19.11.2016) Gəncədə doğulub. Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru olub.
   1 iyun 1939 - Respublika Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan Dövlət Ümumi Kitabxanasına (indiki Milli Kitabxana) yazıçı-dramaturq M.F.Axundzadənin adının verilməsi barədə qərar qəbul edib. 1923-cü il mayın 23-də AMEA Rəyasət Heyətinin binasında fəaliyyətə başlayan kitabxana 1961-ci ildə indiki binasına (arxitektor Mikayıl Hüseynov) köçüb. 
   1 iyun 1949 - Tarix elmləri doktoru, Dövlət mükafatı laureatı Tofiq Teyyub oğlu Mustafazadə Şabran rayonunun Zeyvə kəndində anadan olub. 
   
   2 iyun 1938-ci ildə respublikada ilk mülki aviasiya dəstəsi uçuşlara başlayıb. Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli sərəncamı ilə 2 iyun Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı günü elan olunub. 
   2 iyun 1957 - Xalq artisti Şahnaz Həsən qızı Haşımova Gəncədə anadan olub. Uzun illər “Göygöl" mahnı və rəqs ansamblının solisti və bədii rəhbəri, Gəncə Dövlət Filarmoniyasının direktoru olub.
   2 iyun 1979 - Tanınmış kinorejissor Hüseyn Seyidzadə (19.10.1910 - 1979) vəfat edib. Milli kinomuzda özünəməxsus yeri olan “O olmasın, bu olsun”, “Koroğlu”, “Dəli Kür”, “Yenilməz batalyon”, “Qayınana” filmlərini çəkib. 
   2 iyun 2013 - Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, dövlət mükafatları laureatı Toğrul Fərman oğlu Nərimanbəyov (7.8.1930 - 2013) vəfat edib. Dünyanın müxtəlif muzeylərində sərgilənən natürmort, portret, mənzərə və s. janrlarda əsərlərin, monumental freskaların (Bakıda Kukla Teatrının binası) müəllifidir. Teatr və balet tamaşalarına bədii tərtibat verib. “Dədə Qorqud” filmində rəsmlərin müəllifidir. Parisdə dünyasını dəyişib, Passi qəbiristanlığında dəfn olunub.
   
   Dünya
   
   31 may “Tütünsüz dünya günü” kimi qeyd olunur (“World No Tobacco Day”). 1988-ci ildə Dünya Səhiyyə Təşkilatı tərəfindən təsis edilib. 
   31 may 1887 - Fransız şairi, Nobel mükafatı laureatı (1960) Sen-Jon Pers (Saint-John Perse, 1887-1975) anadan olub.
   31 may 1899 - Rus yazıçısı Leonid Leonov (1899-1994) anadan olub. Əsərləri: “Porsuqlar”, “Rus meşəsi” (romanlar); “Canavar”, “Çovğun”, “Adi adam” (pyeslər) və s. 
   31 may 1930 - Amerika aktyoru və rejissoru Klint İstvud (Clinton Elias Eastwood) anadan olub. Quruluş verdiyi “Çağırılmamış” (1993), “Milyon dollarlıq balaca” (2005) filmlərinə görə “Oskar” mükafatına layiq görülüb.
   
   1 iyun Beynəlxalq uşaqları müdafiə günüdür. 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Parisdə keçirilən konqresində təsis olunub. 
   1 iyun 1804 - Rus bəstəkarı Mixail İvanoviç Qlinka (1804-1857) anadan olub. “İvan Susanin”, “Ruslan və Lüdmila” operalarının müəllifidir.
   1 iyun 1850 - Türk yazıçısı, dilçi və ədəbiyyatşünas Şəmsəddin Sami (1850 - 5.6.1904, İstanbul) Albaniyada doğulub. İlk türk romanı sayılan “Taaşşuk-ı Talat və Fitnat” əsərinin müəllifi, türk dili lüğətinin tərtibçisidir.
   1 iyun 1926 - Amerika aktrisası, müğənni Merilin Monro (Marilyn Monroe - əsl adı Norma Jean Mortenson; 1926-1962) anadan olub. Filmləri: “Eva haqqında hər şey”, “Niaqara”, “Arzunun yeddi ili”, “Centlmenlər sarışınları xoşlayırlar” və s.
   1 iyun 1929 - Hind aktrisası Nərgiz (əsl adı Fatimə Rəşid; 1929-1981) anadan olub. “Avara”, “Cənab 420” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   1 iyun 1937 - Amerika aktyoru Morqan Frimen (Morgan Freeman) anadan olub. Filmləri: “Şouşenkodan qaçış”, “Epidemiya”, “Qorxunun qiyməti”, “Milyon dollarlıq balaca” (“Oskar”) və s.
    
   2 iyun 1840 - İngilis yazıçısı, şair Tomas Hardi (Thomas Hardy; 1840-1928) anadan olub. 
   2 iyun 1988 - Hind aktyoru və rejissoru Rac Kapur (Raj Kapoor; 14.12.1924 - 1988) vəfat edib. Filmləri: “Avara”, “Cənab 420” (aktyor), “Sanqam”, “Bobbi”, “Abdulla” (rejissor) və s. 
   
   Hazırladı: Vüqar Orxan