“Böyük ürəyimdə birləşdi xalqım” deyən Xalq şairi Söhrab Tahirin doğum günü münasibətilə anım mərasimi keçirilib. Mayın 27-də şairin ikinci Fəxri xiyabanda məzarı ziyarət olunub. Şair, tədqiqatçı Qardaşxan Əzizxanlı anım mərasimini açaraq bildirib ki, xalqımız Söhrab Tahirin xatirəsini təkcə görkəmli şair kimi deyil, həm də romanlar, hekayələr müəllifi kimi yad edir. O, eyni zamanda ədəbiyyatşünas alim və ictimai xadim kimi tanınırdı, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinə rəhbərlik edirdi. Söhrab Tahirin istedadlı gənclərin ədəbiyyata gəlməsində də mühüm rolu olub.
Jurnalist Novruz Novruzov, Xəzər Universitetinin tələbələri şairin xatirəsinə ehtiramlarını bildirib, Nizami rayonu 12 nömrəli məktəbin şagirdləri Söhrab Tahirin “Azərbaycanım”, “Təbrizi gəzirəm”, “Ürək”, “Öləndə” şeirlərini səsləndiriblər.
Şairin həyat yoldaşı Südabə xanım, oğlu Tahir Tahiri mərasim iştirakçılarına minnətdarlıqlarını bildiriblər.