“O olmasın, bu olsun” filminin ekranlara çıxmasının 60 illiyi münasibətilə
60 il öncə - 4 iyun 1957-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilən “O olmasın, bu olsun” musiqili komediya filmi ekranlara çıxıb. 60 yaşlı ekran əsəri bu gün də ekran cazibəsini qoruyur, bədii təsir qüvvəsini itirmir. Filmin hər epizodunda Üzeyir bəyin qələmə aldığı dövrün, zamanın nəbzi, nəfəsi və ruhu aydın duyulur. "O olmasın, bu olsun" eyni zamanda milli kino tariximizdə çəkilən ilk rəngli bədii filmdir.
Hüseyn Seyidzadəni filmin çəkiliş meydançalarına gətirən yol heç də hamar olmur. 1942-ci ildə lentə aldığı qısametrajlı “Sovqat” filmindən sonra kino rəhbərliyi H.Seyidzadənin bədii filmlər üzrə birinci kateqoriyalı ikinci rejissor ştatında olduğunu əsas gətirərək ona tammetrajlı film verməkdən imtina edir.
Beləliklə, o, Moskvaya getmək məcburiyyətində qalır. Bu illərdə "Lenfilm", "Mosfilm", Qorki adına kinostudiyalarda rejissor assistenti, ikinci rejissor işləyir. Onun alovlu sənət sevgisi, fitri rejissorluq istedadı, yüksək peşəkarlığı Mixail Romm, Vsevolod Pudovkin, Qriqori Aleksandrov kimi rejissorların nəzərindən yayınmır. Onlar Azərbaycanın kino rəhbərliyinə Hüseyn Seyidzadəyə müstəqil quruluş vermək üçün məktubla müraciət edirlər. Nəhayət, rejissor uzun fasilədən sonra filmin çəkilişlərinə başlayır.
Qeyd edək ki, hələ 1918-ci ildə Yalta studiyasında Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettasının ekranlaşdırılmasına ilk cəhd göstərilir. Lakin o filmin taleyi uğursuzluqla nəticələnir. Filmdə aktyor oyunu sönük və zəif təsir bağışlayır. Rejissorların şərhində Üzeyir Hacıbəylinin qələmə aldığı mövzuya yanlış münasibət, ciddi təhriflər yer alır. Odur ki, tamaşaçı toplamayan, operettanın mənasını çatdıra bilməyən filmin nümayişi tezliklə dayandırılır.
İlk ekran cəhdinin yaradıcılarından fərqli olaraq Hüseyn Seyidzadə Üzeyir Hacıbəylinin operettasına yüksək sənətkar həssaslığı ilə yanaşır. Dahi bəstəkarın yaratdığı parlaq, komik obrazları orijinal rejissor üslubu ilə olduğu kimi canlandırılmasına nail olur. O, filmin quruluşçu rəssamları Cəbrayıl Əzimov və Nadir Zeynalov, quruluşçu operator və geyim rəssamı Əlisəttar Atakişiyevlə birgə pavilyon və natura çəkilişlərində dövrün tarixi ruhunu nəzərdən qaçırmır. Obrazların kostyum və qrimində xarakterin bədii əksinə xüsusi önəm verir. Çəkilişlərdə işıq, rakurs, kompozisiya elementlərinə həssaslıqla yanaşır. Cəsarətli rejissor şərhini dahi bəstəkar Üzeyir Hacıbəylinin sənət məramı ilə məharətlə birləşdirir.
Hüseyn Seyidzadənin kinorejissor sənətkarlığı ifadəli aktyor oyununda, bitkin səhnələrdə, musiqili komediya janrının poetikasına incədən-incəyə bələdliyində özünü aydın göstərir. O, məharətlə Üzeyir Hacıbəylinin dəst-xəttini, əsərin ümumi ruhunu və nəfəsini qorumaqla bərabər filmə əsərdə olmayan səhnələr daxil edir. Rüstəm bəyin evindəki ziyafətdəki mübahisə, tipik obrazların rəng müxtəlifliyi, bazarda qoçuların atışması, hamam səhnəsi rejissor tərəfindən əlavə olunur.
"O olmasın, bu olsun" filminin epizod və dialoqlarının xalq arasında zərbi-məsəl kimi yaşaması da onun uzunömürlü ekran həyatının yeni bir ifadəsidir. Hər obrazın özünəməxsus fərqli danışıq üslubu, leksikası, dili filmin bədii məziyyətlərindəndir.
Qəribə də olsa, milli kinomuzun “qızıl fondu”na daxil olan film ilk ekran baxışlarında kəskin tənqidlə qarşılanır. Nüfuzlu rəhbər şəxslərdən birinin gözü butafor güldə albalı ağacının yarpağı olduğunu alır... Və kinorejissoru diqqətsizlikdə günahlandırır. Yuxarıdan gələn münasibətin ifadəsi kimi mətbuatda kəskin, qərəzli tənqidlər dərc olunur. "Müvəffəqiyyətsiz film" adlı resenziyadan sətirlər:
"Hər şeydən əvvəl filmdə Məşədi İbadın obrazı yoxdur. Bu rolu ifa edən artist Ağayev gözəl yumora malik bacarıqlı aktyordur, ancaq o, bu filmdə qəti Məşədi İbad deyil. Bu hal bir daha göstərir ki, filmin rejissoru Seyidzadə filmin təməlini düzgün qoymayıb. Buna görə də Məşədi İbad zavallı, tapdalanmış və Rüstəm bəyin növbəti fırıldaqçılığının qurbanı kimi alınıb".
Amma həqiqətən də, sənət əsərinin ən böyük hakimi zamandır. İllərdən sonra keçmiş "Soveksportfilm" Ümumittifaq Birliyinin sədri A.Davıdov Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi Həsən Seyidbəyliyə yazdığı 7 dekabr 1970-ci il tarixli məktubunda yazırdı: "O olmasın, bu olsun" 40 ölkəyə, o cümlədən İrana, İraqa, Suriyaya, Əfqanıstana, Türkiyəyə, İngiltərəyə, Pakistana, Yaponiyaya, İtaliyaya, Fransaya satılıb”. Məktubda həmçinin göstərilir ki, "O olmasın, bu olsun" İranda böyük uğurla nümayiş olunur.
Keçmiş "Soveksportfilm"in İrandakı nümayəndəsinin həmin ildə yazdığı məktubundan:
"Son illərdə heç bir xarici və yerli film belə müvəffəqiyyət qazanmayıb. Bu filmə baxmaq üçün ətraf kəndlərdən və qəsəbələrdən ailələr axın-axın gəlir. Filmin nümayişi tamaşaçı alqışları ilə dəfələrlə dayandırılır. İndi də Təbrizin küçələrində filmin mahnılarını oxuyurlar. 28 gündə Təbrizin iki kinoteatrında filmə 94,334 tamaşaçı baxıb".
Filmin epizodları operettanın ekran illüstrasiyası deyil, həyatiliyi, yüksək realizmi ilə səciyyələnir. Rejissorun seçdiyi aktyor ansamblı da operettanın ekran uğurunda təsirsiz ötüşmür. Filmin baş qəhrəmanı Məşədi İbadı oynayacaq aktyor üçün Hüseyn Seyidzadə ciddi axtarışlar aparır. Nəhayət, Əliağa Ağayevi baş rola çəkəcəyini qərarlaşdırır. Rejissorun seçimi bədii şura tərəfindən narazılıqla qarşılanır. Lakin onun qənaətində yanılmadığı Əliağa Ağayevin ifadəli komik oyununda bir daha təsdiqlənir.
Rejissor Sərvər obrazına özünü "Görüş" filmində aktyor kimi təsdiqləyən Arif Mirzəquliyevi dəvət edir. Arif Mirzəquliyev canlı, təbii aktyor oyunu ilə rejissorun böyük etimadını bacarıqla doğruldur. Sənəm rolunda "səhnəmizin Cülyettası" kimi tanınan Barat xanım Şəkinskaya yeni ekran obrazına imza atır. Kino yaradıcılığı boyu bir sıra yaddaqalan obrazlar oynasa da, Barat xanım sənətsevərlərin yaddaşında daha çox Sənəm kimi yaşayır. Rejissor Gülnaz roluna uzun axtarışlardan sonra orta məktəbdə oxuyan Tamara Gözəlovanı çəkməyi qərara alır. Aktyorların heyrətamiz incəliklə seçilməsi filmin ekran uğurunu təmin edən amillərdən biridir. Ağasadıq Gəraybəylinin Rüstəm bəyini, Mustafa Mərdanovun Həsən bəyini, İsmayıl Osmanlının Rza bəyini, Möhsün Sənaninin Qoçu Əsgərini, Lütfəli Abdullayevin Baloğlanını, Ağahüseyn Cavadovun Bəyini kim unuda bilər?!
Hüseyn Seyidzadənin "O olmasın, bu olsun" musiqili komediyası böyük yaradıcılıq qələbəsidir. Film bu gün də müasirliyini qoruyur, əhəmiyyətini itirmir. İllər keçsə də, "O olmasın, bu olsun” musiqili komediyası yeni-yeni nəsillərin bitib-tükənməyən sevgisi ilə yenə baxılacaq. Bu filmin uzunömürlü ekran həyatı Hüseyn Seyidzadənin rejissurası, parlaq aktyor ansamblı ilə bərabər, heç şübhəsiz, dahi Üzeyir bəyin ürəklərə əbədi hakim olan musiqisindən də qaynaqlanır...
Hatəm Əsgərov
rejissor