Azərbaycan
    
   3 iyun 1957 - Yazıçı, tərcüməçi Afaq Məsud (Afaq Məsud qızı Vəliyeva) Bakıda doğulub. Əsərləri: “İzdiham”, “Azadlıq”, “Dəfn”, “Fatma” (roman), “O məni sevir”, “Qatarın altına atılan qadın” (pyes) və s. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktorudur. 
   3 iyun 1992 - Azərbaycan BMT-nin təhsil, elm, mədəniyyət təşkilatı olan UNESCO-ya üzv qəbul edilib. 1996-cı ildə UNESCO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. 
   
   4 iyun 1926 - Tanınmış xanəndə Fatma Yusif qızı Mehrəliyeva (1926 - 4.1.2000) Qubada anadan olub. Bənzərsiz səsi ilə ifa etdiyi “Kəsmə şikəstə”, “Qubanın ağ alması”, “Azərbaycan maralı”, “Ahu kimi” və s. mahnılarla musiqi tariximizdə qalıb. "Arşın mal alan" filmində (1945) Telli rolunu ifa edib. 
   4 iyun 1929 - Kamança ifaçısı, Əməkdar artist Elman Kərim oğlu Bədəlov (1929 - 25.6.1991) Ağdamın Malıbəyli kəndində doğulub. Azərbaycan Televiziyası və Radiosu xalq çalğı alətləri orkestrində fəaliyyət göstərib. 
   4 iyun 1944 - Kinooperator, Əməkdar mədəniyyət işçisi Elman Əliverdi oğlu Əliyev Bakıda anadan olub. Sənədli filmlər çəkib, “Yalan”, “İstanbul reysi”, “Çölçü”, “Dərvişin qeydləri” bədii filmlərinin rəssam-fotoqrafıdır. 
   4 iyun 1957 - Azərbaycan SSR Radio və Televiziya Verilişləri Komitəsi (indiki “Azərbaycan Televiziyası və Radiosu” QSC) yaradılıb.
   
   5 iyun 1908 - Şair Mikayıl Müşfiq (Mikayıl Əbdülqadir oğlu Mikayılzadə; 1908 - 6.1.1938) anadan olub. Yeniyetmə vaxtlarından şeir yazıb, 18-20 yaşlarında populyarlıq qazanıb. 10 şeir və poemalar toplusu nəşr olunub. Pantürkizm və millətçilikdə ittiham edilərək güllələnib. 
   5 iyun 1917 - Görkəmli rejissor, pedaqoq, ictimai xadim, Əməkdar incəsənət xadimi Zəfər Əlipaşa oğlu Nemətov (1917 - 19.11.1971) anadan olub.
   5 iyun 1939 - Xalq şairi, dramaturq, ictimai xadim Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov; 1939 - 28.1.2015) anadan olub. Lirik-fəlsəfi poeziyası ilə müasir Azərbaycan ədəbiyyatında məxsusi yer tutur, “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “Yaşıl eynəkli adam”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları” və s. pyeslərin müəllifidir. Milli Məclisin deputatı (2000-2010) olub.
   5 iyun 1941 - Görkəmli aktyor Hamlet Bəbir oğlu Xanızadə (1941 - 3.2.1990) Bakının Şağan kəndində doğulub. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Babək”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Qətl günü” və s. filmlərdə, televiziya və teatr tamaşalarında yaddaqalan obrazlar yaradıb.
   5 iyun 1949 - Yazıçı, ssenarist, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə anadan olub. 30-dan çox kitabın, 10-dan çox filmin (“Gecə qatarında qətl”, “Vahimə”, “Biz qayıdacağıq” və s.) ssenari müəllifidir.
   
   6 iyun 1855 - Şair Əbdülxalıq Cənnəti (1855-1931) Bakıda doğulub. “Məcməə-üş şüəra” cəmiyyətinin fəal üzvlərindən olub. Klassik üslubda şeir və qəzəllər yazıb, “Qız qalası”, “Qılınc və qələm” poemalarının müəllifidir. 
   6 iyun 1929 - Akademik, fizika-riyaziyyat elmləri doktoru Çingiz Oveys oğlu Qacar Bakıda doğulub. İxtisas sahəsi üzrə tədqiqatlar ilə yanaşı, "Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri", "Köhnə Bakı", “Köhnə Şuşa" və s. kitabların müəllifidir. 
   6 iyun 1929 - Əməkdar rəssam, heykəltəraş Münəvvər Məcid qızı Rzayeva (1929-2004) Bakıda anadan olub. Mikayıl Müşfiq (Bakı və Xızıda), Məhsəti Gəncəvi (Gəncə) və digər tanınmış şəxsiyyətlərin heykəllərini yaradıb.
   6 iyun 1951 - Xalq artisti Xuraman Əkrəm qızı Qasımova anadan olub. 1976-cı ildən Opera və Balet Teatrının solistidir, Bakı Musiqi Akademiyasının professorudur. “Liftçi qız”, "Mən ki gözəl deyildim", "Həyat bizi sınayır" filmlərinə çəkilib.
   
   Dünya
    
   3 iyun 1924 - Alman yazıçısı (yəhudi əsilli) Frans Kafka (Franz Kafka; 3.7.1883 - 1924) vəfat edib. Əsərləri: “Bir xanımın xülasəsi”, “İtaətçi ilə söhbət”, “Çevrilmə”, “Qəsr”, “Kənd həkimi”, “Qətl” və s. 
   3 iyun 1963 - Türk şairi, yazıçı-dramaturq, ictimai xadim Nazim Hikmət (15.1.1902 - 1963) Moskvada vəfat edib. Siyasi baxışlarına görə 1951-ci ildə SSRİ-yə mühacirət etmişdi. Şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında bəstəkar Arif Məlikov eyniadlı balet yazıb. Əsərləri əsasında “Yaşamaq gözəldir, qardaşım”, “Bir məhəllədən iki nəfər” (“Azərbaycanfilm”), "Məhəbbətim mənim, kədərim mənim" (SSRİ-Türkiyə) filmləri çəkilib.
   
   4 iyun 1882 - Rus teatr rejissoru Fyodor Komissarjevski (1882-1954) anadan olub.
   4 iyun 1975 - Amerika aktrisası Ancelina Coli (Angelina Jolie) anadan olub. Filmləri: “Məhəbbətin dolanbacları”, “Qorxunun hökmü”, “Yarıda kəsilmiş həyat” (“Oskar”), “Mister və miss Smit”.
   
   5 iyun “Dünya ətraf mühit günü”dür (World Environment Day). 1972-ci il dekabrın 16-da BMT Baş Assambleyasının 27-ci sessiyasında təsis olunub. 
   5 iyun 1898 - İspan şairi və dramaturqu, musiqiçi və rəssam Federiko Qarsia Lorka (Federico Garcia Lorca; 1898-1936) anadan olub. İspaniyada Vətəndaş müharibəsində həlak olub.
   5 iyun 1941 - Polşa aktrisası Barbara Brılska (Barbara Brylska) anadan olub. Sovet məkanında E.Ryazanovun «Taleyin ironiyası və ya həmişə təmizlikdə» filmində Nadya rolu ilə şöhrət qazanıb.
   
   6 iyun 1599 - Görkəmli ispan rəssamı Dieqo Rodriqes de Silva Velaskes (Diego Rodriguez de Silva y Velazquez; 1599-1660) anadan olub. 
   6 iyun 1606 - Fransız dramaturqu Pyer Kornel (Pierre Corneille; 1606-1684) anadan olub. Əsərləri: “Sid”, “Edip”, “Psixeya”, “Medeya” və s.
   6 iyun 1799 - Böyük rus şairi, dramaturq və nasir Aleksandr Sergeyeviç Puşkin (1799 - 10.02.1837) anadan olub. Əsərləri: "Yevgeni Onegin" (mənzum roman), "Ruslan və Lüdmila", "Qafqaz əsiri", "Tunc atlı" (poema), "Boris Qodunov", "Motsart və Salyeri" (pyes), “Kapitan qızı”, “Qaratoxmaq qadın” (povest) və s. 
   6 iyun 1875 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1929) Tomas Mann (Paul Thomas Mann; 1875-12.08.1955) anadan olub. Əsərləri: “İosif və onun qardaşları” (tetralogiya), “Buddenbroklar”, “Doktor Faustus” (roman) və s.
   
   Hazırladı: Vüqar Orxan