İyunun 6-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsrail Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Dan Stavı qəbul edib.
Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
Söhbət zamanı iyunun 7-də İsrailin Azərbaycandakı səfirliyinin təşkilatçılığı və nazirliyin dəstəyi ilə Azərbaycan Dövlət Filarmoniyasında iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunmuş tədbirin proqramı nəzərdən keçirilib.
Səfir Dan Stav İsrail tərəfinin hər il təşkil olunan Bakı Beynəlxalq Caz Festivalında daha aktiv iştirak etmək niyyətində olduğunu bildirib.
Nazir Əbülfəs Qarayev mədəniyyət və incəsənət sahəsi ilə yanaşı, ölkələrimizin turizm sahəsində əməkdaşlığı üçün perspektivlərin olduğunu diqqətə çatdırıb.
Nazir Azərbaycanda turizm imkanlarının genişləndirildiyini və müvafiq infrastrukturun yaradıldığını, həmçinin iki ölkə arasında birbaşa aviareyslərin mövcudluğunu nəzərə alaraq, ölkəmizin İsraildən gələn turistlər üçün daha cəlbedici olacağına və bu istiqamətdə turist axınının artacağına inamını ifadə edib.