Liquriya və Toskana regionlarında turizm, mədəni irs və mədəniyyət müəssisələrinin idarə edilməsi təcrübəsi öyrənilib
   
   Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti 29 may - 1 iyun tarixlərində İtaliyanın Liquriya və Toskana regionlarına tədqiqat səfəri çərçivəsində bu ölkənin müxtəlif şəhərlərində bir neçə nüfuzlu təşkilat və mədəniyyət müəssisələrində görüşlər keçirib.
   Səfər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Mədəniyyət və Turizm Nazirliyinin İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi ilə birgə icra etdiyi “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində baş tutub. Nazirliyin bir neçə şöbəsinin əməkdaşlarından ibarət nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri, Tvinninq layihəsinin Komponent rəhbəri Rafiq Bayramov başçılıq edib.
   Səfər mədəni landşaftla bağlı planlaşdırma, ərazi planlaşdırma qaydalarına transformasiya yolları, eləcə də yerli mədəniyyət müəssisələrinin idarə edilməsi, ənənəvi sənətkarlıq növlərinin tətbiqi, memarlıq, davamlı iqtisadi inkişafa töhfə verən digər mədəni məhsullar, regionlarda marketinq və brendinq üzrə İtaliya təcrübəsinin öyrənilməsini əhatə edib.
   Səfər çərçivəsində Liquriya regionunda Cinque Terre Milli Parkının direktoru, Monterosso yerli administrasiyasının rəhbəri, Vernazza şəhərsalma administrasiyasının rəhbəri, Porto Venere şəhərinin meri ilə görüşlər keçirilib, fikir mübadiləsi aparılıb. Toskana regionunda Castiglione və Pienza şəhərlərinin merləri, “Societa Val d'Orcia” təşkilatının rəhbəri ilə görüşlər, Val d’Orcia Parkının ərazisində yerləşən istehsalçı şirkətlər tərəfindən aparılan işlərə baxış keçirilib.
   Qeyd edək ki, Cinque Terre Milli Parkı və Val d’Orcia Parkı ərazisi UNESCO-nun Dünya mədəni irsi siyahısına daxil edilib. Bu regionlar turizm, eləcə də mədəni irsin və yerli mədəniyyət müəssisələrinin idarə edilməsi baxımından çox maraqlıdır.