Xalq artisti Dina Tumarkina 85 illik yubileyini doğma şəhərində qeyd etdi
   
   İyunun 2-də Səməd Vurğun adına Rus Dram Teatrında Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı Dina Tumarkinanın 85 illiyi münasibətilə gecə keçirildi. Məşhur aktrisa uzun illərdir İsraildə yaşasa da, yubileyini doğulduğu şəhərdə qeyd etmək qərarına gəlib.
   Səhnəyə çıxan teatrın baş rejissoru, Xalq artisti Aleksandr Şarovski bildirdi ki, bu səhnədə indiyədək bir çox görkəmli sənətkarlar fəaliyyət göstəriblər. Belə unudulmaz və səhnəmizdə hər zaman yeri görünən sənətkarlardan biri də Dina Tumarkinadır. O, Rus Dram Teatrında əvəzsiz obrazlar yaradıb. 40 ildən artıq səhnə fəaliyyəti aktrisanı unudulmaz simalardan birinə çevirib.
   A.Şarovski yubilyar haqqında məlumat verdikdən sonra Dina xanımı səhnəyə dəvət etdi. Uzun fasilədən sonra doğma teatrının səhnəsində görünən aktrisa alqışlarla qarşılandı. 
   Mədəniyyət və Turizm Nazirliyi Teatr sektorunun müdiri Naidə İsmayılzadə səhnəyə çıxaraq Dina Tumarkinaya nazirliyin “Fəxri mədəniyyət işçisi” döş nişanını təqdim etdi. O, yubilyarı təbrik edərək səhnədə yaratdığı bir-birindən maraqlı obrazlar haqqında fikirlərini bölüşdü.
   Aktrisaya İsrail-Azərbaycan Assosiasiyasının (Azİz) mükafatı da təqdim edildi. Assosiasiyanın rəhbəri Lev Spivak dedi: “Bu gün Azərbaycandan kənarda yaşamağımıza baxmayaraq, hər zaman öz həmyerlilərimizlə fəxr edirik. Biz bu ölkədə böyüdüyümüz, bu insanlarla birgə yaşadığımız üçün fəxr edirik. Çünki biz bu ölkədə hər zaman dost münasibət görmüşük. Bu münasibət indi də davam etməkdədir. Azərbaycan dövlətinə, Birinci vitse-prezident Mehriban Əliyevaya təşkilatımız adından minnətdarlığımızı bildiririk”. 
   Sonra mərasim bədii hissə ilə davam etdi. Səhnəyə teatrın yaradıcı heyətindən xalq artistləri Yuri Baliyev, Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, Aleksandra Nikuşina, əməkdar artistlər Rita Əmirbəyova, Fuad Osmanov, Natalya Şarovski və digərləri çıxaraq keçmiş həmkarlarını təbrik etdilər. Yubilyara ünvanlanan şeirlər səsləndirildi, ABŞ, Rusiya və İsraildən gələn təbrik teleqramları oxundu.
   Tədbirin sonunda Dina Tumarkina bütün təşkilatçılara təşəkkürünü bildirdi. O, yenidən doğma səhnəsində tamaşaçıları ilə görüşmək şansı qazandığına görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya və “Azİz” Assosiasiyasına minnətdarlığını ifadə etdi. Vaxtilə teatrda fəaliyyət göstərmiş görkəmli rejissor və aktyorlar Məhərrəm Aşumov, Mehdi Məmmədov, Pyotr Yudin, Gülcahan Əhmədova-Martınova, Vera Şirye, Raxil Qinzburq və digərlərini xatırladı, onlarla bağlı xatirələrini bölüşdü. Belə sənətkarlarla birgə çalışdığına görə böyük fəxr duyduğunu dilə gətirdi. 
   Hazırda İsraildə səhnə fəaliyyətini davam etdirdiyini söyləyən aktrisa 15 tamaşada rol aldığını diqqətə çatdırdı. 90 illik yubileyini də doğma səhnədə qeyd etmək arzusunu da gizlətmədi.
   Qeyd edək ki, 1955-ci ildən Bakıda yaradıcılıq fəaliyyətinə başlayan aktrisa Rus Dram Teatrının səhnəsində 150-dən artıq unudulmaz obraz yaradıb. 1990-cı ildə ailəsi ilə birlikdə İsrailə köçüb. 
   
   Lalə Azəri