23-29 may tarixində Türkiyənin Alanya şəhərində keçirilən ənənəvi beynəlxalq film festivalında Azərbaycan dörd tammetrajlı bədii film ilə təmsil olunub.
Festivala Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş ekran əsərləri - Şamil Əliyevin “Çölçü”, Ülviyyə Könülün “Həddən artıq uyğunluq”, İlqar Safatın “İçərişəhər” və Mirbala Səlimlinin “Qırmızı bağ” filmləri qatılıb.
Festivalda iştirak edən fəxri qonaq - Xalq artisti Fəxrəddin Manafov, əməkdar artistlər Mehriban Zəki (“İçərişəhər” filmi), Gülzar Qurbanova (“Qırmızı bağ” filmi), Bəhruz Vaqifoğlu (“Çölçü” filmi), Əməkdar incəsənət xadimi, rejissor Mirbala Səlimli, rejissorlar Şamil Əliyev, İlqar Safat mükafatlarla təltif olunublar.
Festival çərçivəsində Azərbaycanla yanaşı Rusiya, Belarus, Ukrayna və Estoniya istehsalı olan filmlər Alanya İskele meydanında yerləşən açıq səma altında kinoteatrda və Mahmutlar Mədəniyyət mərkəzində yaradıcı heyətin və türkiyəli media nümayəndələrinin iştirakı ilə nümayiş olunub. Ekran əsərləri türkcə və rusca titrlərlə göstərilib.