Ənənəvi olaraq artıq səkkizinci ildir ki, Ankaranın Keçiörən rayonunda təşkil edilən Ramazan festivalları mübarək ay ərzində şəhər sakinlərini, Türkiyənin müxtəlif bölgələrini və digər müsəlman ölkələrini mənəvi dəyərlər, mədəniyyət vasitəsilə bir araya gətirir. Azərbaycan da bu tədbirlərin davamlı iştirakçısıdır.
   Builki festival çərçivəsində də ölkəmizin Ankaradakı səfirliyi və Keçiörənlə qardaşlaşmış Sumqayıt şəhərinin bələdiyyəsi ilə birgə təşkil edilən Azərbaycan gecəsinə maraq böyük idi.
   Tədbir iştirakçıları festival ərazisində təşkil olunan “Azərbaycan evi”ni ziyarət etdilər. Qonaqlar burada ölkəmizin tarixi və müasir inkişafından bəhs edən nəşrlər, Azərbaycanın qədim və müasir mədəniyyətini əks etdirən milli geyimlər, çalğı alətləri ilə tanış oldular.
   Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Keçiörən Bələdiyyəsinin başqanı Mustafa Ak, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar və Sumqayıt Bələdiyyəsinin sədri Soltan Əsədov bu cür tədbirlərin müsəlman xalqlarını bir-birinə daha da yaxınlaşdırmasında rolunu yüksək dəyərləndirdilər. 
   Səfir F.Bağırov əvvəlcə Şırnakda vertolyot qəzasında şəhid olan türk hərbçilərinə Allahdan rəhmət dilədi. Sonra bildirdi ki, Ramazan ayında reallaşan bu proqramlar birliyimizi daha da gücləndirir. Diqqətə çatdırıldı ki, Azərbaycanın şəhər və rayonları ilə sıx əlaqələri, qardaşlıq münasibətləri olan Xocalı soyqırımına xatirə abidəsinin ucaldığı Keçiörən bizim üçün məxsusi önəmi olan yerdir. Səfir festivala ev sahibliyi edən bələdiyyə başqanı Mustafa Aka təşəkkürünü bildirdi. Çıxışlarda Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam həmrəyliyi ili” elan etməsinin əhəmiyyəti xüsusi vurğulandı.
   Qeyd edək ki, tədbirdə Azərbaycandan gələn incəsənət ustalarının çıxışı nəzərdə tutulurdu. Lakin Türkiyədə vertolyot qəzası nəticəsində 13 hərbçinin şəhid olması ilə əlaqədar konsert proqramı ləğv edildi.
   Gecə Qurani-Kərimdən ayələrin oxunması ilə yekunlaşdı.
   
   Mehparə Sultanova
   Ankara