Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Bərdə Turizm İnformasiya Mərkəzi ilə birgə regionda turizm potensialının təbliği məqsədilə Mingəçevir şəhərində, Kür çayı sahilində tədbir təşkil edib. Tədbirdə yerli sakinlərlə yanaşı Bərdə, Tərtər, Yevlax və Mingəçevirin mədəniyyət işçiləri iştirak edib.
Regional idarənin Mingəçevir şəhəri üzrə nümayəndəsi Şəlalə Sadəddinova ölkəmizdə turizm sektorunun önəmindən, şəhərə yerli və xarici turistləri daha çox cəlb etmək üçün görülməli işlərdən danışıb.
Bərdə Turizm İnformasiya Mərkəzinin direktoru Hikmət Heydərov qurumun fəaliyyəti, hazırlanan turist marşrutları barədə məlumat verib. O, Mingəçevir şəhəri üçün spesifik olan ovçuluq (balıqçılıq) və çimərlik turizmi imkanlarından bəhs edib.
Digər çıxış edənlər şəhərin turizm potensialından danışıblar. Qeyd olunub ki, mövcud istirahət parkları, gəmi və kanatla ekskursiya turistlər üçün cəlbedici imkanlardır.
Tədbirin sonunda iştirakçıların fikir və təklifləri öyrənilib.