Səhnəmizin unudulmaz “Şəfi qədeş” - “Mitoş”u, “Uzun”u, “Sonqulu”su... ekranımızın “Möhsün”ü, “Qaraxalov”u, “Şirbala”sı... 
   Uzun illər səhnələrdə səbirsizliklə gözlənilmiş, ekranlarda məxsusi maraqla izlənilmiş və hələ çox illər izləniləsi Hacıbaba... 
   Sənədlərdə Azərbaycanın Xalq artisti, “Şöhrət” ordenli, Dövlət Musiqili Teatrının (bir ara da “Tənqid-təbliğ”in) direktoru və bədii rəhbəri kimi qalası Hacıbaba Bağırov...    
   Sənətdə xüsusi yeri olan bu fenomenal-teatral persona vəfatından sonra da xatirələr dəcində; yaddaşlarda çox həyati, sayılıb-seçilən etibarlı dost, diqqətçəkən kişi, “ay gecikən məhəbbətim” binəli ailəsinə ürəkdən bağlı ər və ata “təyinat”larıyla yaşamaqda... 
   “Bir aktyorun ömür-həyat səhnələri” də adlandıra biləcəyimiz bu “yaşam”dan -
   
   Bəzi “pərdə” və “şəkil”lər
   
   Hacıbaba Bağırov 1932-ci il iyunun 12-də Bakıda fəhlə ailəsində doğulub və elə uşaqlıqdan teatr-səhnə aləminə böyük həvəsi olub. Barəsindəki xatirələrdən birinə (əsasən də öz dilindən bəyana) görə, şagird yoldaşları hərdənbir dərsdən alayı-dolayı maraqlarçün, o isə yalnız teatr tamaşaları üçün qaçarmış. Bəzi istedadlı şagirdlər hərdən, tənəffüslərdə “hənək müəllimlər”i yamsılayarmış, Hacıbaba isə nəhəng aktyorları. Məktəb dostlarından biri də belə deyərmiş ki, “Bizim “Balacabala Hacıbaba”nın beş sözündən üçü səhnəyə, altısı teatra aid olardı”... 
   Orta məktəbi bitirəndən sonra Akademik Dram Teatrının nəzdindəki aktyor studiyasına dəvət alan Hacıbaba buradakı böyük sənət korifeylərinin dərslərindən necə bir “dərs” alırsa, teatra maraq və məhəbbəti birə-beş artır. Bununla yanaşı, digər nəzəri-təcrübi vərdişlərə yiyələnmək, parlaq ulduzlar içərisində seçilmək məsuliyyətindən necə “xoflanırsa”, onu bu baş məbədə gətirən yolla geri qayıdıb, “haçansa, buraya əsl professional yüklə dönmək” fikrinə düşür və nəsil-kök bağlılığı olan cənub bölgəsinə yollanır. 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında yaradıcılıq fəaliyyətinə başlayır. 
   Və sən demə, özünün “həyat yolu” sandığı bu aləmin yaxın perspektivində kiçik bir “tale cığırı” da varmış. Belə ki, o, iki il sonra, “dolanışıq dramı” səbəbilə teatrdan ayrılmalı, Azərbaycan Dəmiryolu Məktəbini bitirib, bir müddət Biləcəri deposunda maşinist köməkçisi işləməliymiş... 
   50-ci illərin axırında yenidən öz qəlb aləmi haləsinə düşən Hacıbaba Daxili İşlər Nazirliyinin klubuna rəhbərlik edir, növbəti il C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına dəvət alır, qısa müddətdə öz məsuliyyət və səmimiyyətilə kollektivin rəğbətini, Fuad (“Almaz”), Şahsuvar (“Komsomol poeması”), Rəşid (“Anacan”) kimi rollarıyla tamaşaçıların aksent alqışlarını qazanıb məşhurlaşır və 1962-ci ildə paytaxta - Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunur. 
   Bu dəvəti Hacıbaba Bağırovun həyat və yaradıcılıq taleyində “baş rol” da adlandırmaq olar. Bu “rol” bu adlı-sanlı aktyorun, sözügedən şan-şöhrətli sənət məkanında fasiləsiz (ömrünün sonunadək) fəaliyyət göstərdiyi 26 ildə 100-ə yaxın mükəmməl surət, bir-birindən maraqlı obrazlar qalereyası deməkdir. Bu “rol” onun, barmaq hesabı ilə sayılıb-seçilən gülüş ustalarımızdan biri kimi püxtələşib populyarlaşmasının, sənət tariximizdə əbədiləşməsinin “prototip”idir. Bu “rol”un bəzi rollarının adlarını çəkib, dadlarından feyz almamaq mümkünsüz; “Arşın mal alan”da Soltan bəy, “O olmasın, bu olsun”da Məşədi İbad, “50 yaşında cavan”da Orduxan, “Toy kimindir?”də Uzun, “On min dollarlıq keyf”də Fərzəli...
   Hə, yəqin, yuxarıda sadaladığım rollar içərisində birisini (bəlkə də birincisini!) xatırlatmamağım hörmətli oxucularımız arasında kiminsə “xətrinə dəyəcək”. Amma... biləsiniz ki, mən həmin rolu ayrıca bir yarımbaşlığa layiq bilirəm:
   
   Əlbəttə, “Mitoş”!..
   
   Bəli, dahi Üzeyir bəy Hacıbəylinin hamıyabəlli şedevrlərindən sonra Azərbaycan operettasının bənzərsiz nümunəsi sayılan “Hicran” tamaşasında hər biri ayrıca baş rol dəyərli üç obrazdan biri olan Mitoş... 
   Deyim ki, Hacıbabanın səhnə “Mitoş”unun (habelə görkəmli səhnə ustaları N.Zeynalova və S.Aslanın oynadıqları “Qızbacı” ilə “Dadaşbala”nın) bir uğuru da həmin obraz(lar)ın - yazıçı S.Rəhman və bəstəkar E.Sabitoğlu kimi görkəmli ata-bala cütlüyünün qələm-rübab birliyindən çıxması ilə bağlıdır. Əlavə edim ki, həmin tamaşada Nəsibə Zeynalova və Səyavuş Aslan kimi korifeylərin duetini “trio”lamağın özü də - Hacıbaba Bağırov timsalında - ayrıca bir mogikanlıq! Bu an onun öz sevgilisinə “xod” tapmaq üçün çağırtdırdığı Qızbacının mal-matah sırımaları məqamlarında yol verdiyi təkrarçılıq-uzunçuluqlara rəğmən saldığı “müsibet” vay-şivənlərini, bütün salonu uğunduran “ah-uf”larını (hələ... yaratdığı bəzi bədahəti situasiyalarda özünü gülməkdən saxlamaq üçün məsuliyyət istedadını!) xatırlamaq gərək... 
   Bu gözəl səhnə ustadının böyük ekran qənimətlərindən birini isə belə xatırlatmaq istərdim: “Möhsün, yaz!..”
   Hə, bildiniz; “sitat” məşhur “Ulduz” filmindəndir və deməli, -
   
   Hacıbaba Bağırovun kino əməlləri... 
   
   Niyə “kino yaradıcılığı” yox, “əməlləri” yazdım? Çünki bu adam ən ciddi filmlərdə belə, məşhur deyimlərimizdən olan “üzündə şeytan tükü var”a bab təbəssümçü, “gülaxıtma” məsələsinə müvafiq güldürən, kosmik-seysmik bir komedik idi! Gülümsərovun çağrılarına reaksiya rəngarəngliklərinin fərqindəsizmi? Film uzunu davam edən yüngülməcaz sevgi “hekayətlərindən”, heç olmasa biri ilə - Yetərə yazdığı məktubla əlaqədar cavab verməli olurkən: “Şubay, Şubay, Şubay!..” - deyə, necə zayıllanıb-yazıqlandığı kadrlarla kodlaşa bildinizmi? Yaratdığı obrazı bir az da mütiləşdirmək üçün, apostrof ləngərli, ləng ahəngli “bəli” ifadəsini necə şimşək sürətilə ifadə etməsi necə, qulaqlarınızda cingildədimi? Elə isə, “Mehman” filmində Arif, “Onun bəlalı sevgisi”ndə Qaraxalov, “Alma almaya bənzər”də Məmmədəli, “Şirbalanın məhəbbəti”ndə Şirbala obrazları haqda rəy və qənaətləri hörmətli kinosevərlərimizin öz öhdəsinə buraxıb, keçirəm bu məşhur və mərhum sənətkarın həyat yoldaşı Arzu xanımın son illərki mətbu çıxış və müsahibələrindən fraqmentlərə. 
   “...Hacıbaba dünyasını dəyişdikdən sonra stresslər yaşadım. Buna hazır deyildim. Fikirləşirdim ki, uzunömürlülər nəslindəndi... 
   Qızımız iki yaş üç aylıq idi. Birdən-birə özümü çox yalnız, ucsuz-bucaqsız bir səhrada tənha hiss etdim. Mənə elə gəlir ki, Hacını itirməyimlə övladıma da pislik etmiş olmuşam. Atası dünyasını dəyişəndə Şölə yenicə dil açırdı. Hər dəfə qapı döyüləndə deyirdi “atam gəldi!..” 
   ...Hərdən düşünürdüm ki, övladımı Hacıya bağlanıb ailə qurmaq istəyimə, başqa sözlə, öz həyatıma qurban vermişəm. Amma, əslində, nə yaxşı ki, sağ ikən özü, “yox” ikən ruhu güclü insanla ailə qurmuş, belə bir şəxsiyyətdən, gözəl bir insandan dünyaya uşaq gətirmişəm. İnsan həyatında genlərin böyük rol oynadığına çox inamlıyam. Övladımda ondan keçən xüsusiyyətlər, xasiyyət və hərəkətlər görürəm. Həssas, səmimi, savadlı, istedadlı qızdır. Bacardığım qədər tərbiyə, təhsil verməyə çalışmışam. İngilis və fransız dillərini bilir, gözəl rəsmlər çəkir... 
   ...Hərdən mənə belə bir sual da verirlər ki, yenidən dünyaya gəlsəydiniz, Hacı ilə evlənərdinizmi? Deyirəm, bəli! Hətta həyatda Hacıya gec rast gəldiyimə və bu səbəbdən də bir qadın kimi gec xoşbəxt olmağıma görə peşmanam... 
   ...Hərdən, belə bir məşhur adamın qadını olmağın asan, ya çətin olduğunu da soruşurlar. Bəli, mən hətta övladıma da demişəm ki, bəlkə də məktəbdə bəzi qızlar “vaxt ötdükcə yaddaşlardan silinəcək” fikrilə özlərini xoşagəlməz apara bilər. Amma məşhurların yol verdiyi qüsurlar həmişə gündəmdə olur...” 
   Belə... Bizə bir bu qalır deyək ki, böyük həyat Yolunun Hacıbaba Bağırov kimi sənət, Arzu Bağırova sayaq sədaqət yoldaşları, diqqətcil tamaşaçıları, həssas oxucuları var...
   
   Tahir Abbaslı