XX əsr Azərbaycan təsviri sənətinin gerçəkçi tutumda inkişafında Bəhruz bəy Kəngərli (1892-1922) yaradıcılığının rolu danılmazdır. Adını Azərbaycan təsviri sənət salnaməsinə qızıl hərflərlə yazdıran, mədəniyyət tariximizdə “kiçik əsərlərin böyük ustadı” kimi tanınan B.Kəngərli qısa ömrü, məhsuldar yaradıcılığı ilə bir neçə ömrə bərabər sənət inciləri yaratmışdır. 
   Azərbaycanın ilk professional təhsil alan rəssamlarından olan sənətkarın vəfatından sonra fərdi sərgiləri təşkil olunmuş, haqqında kitablar yazılmış, kataloqlar çap edilmişdir. Çox təəssüf ki, aparılan tədqiqatlar həmin nəşrlərin demək olar ki, hamısının qüsurlu olduğunu üzə çıxarmışdır. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev və sənətşünas Nizami Alıyev tərəfindən yazılan “Bəhruz bəy Kəngərli taleyi” kitabında həmin səhvlər göstərilmiş, rəssam barədə əsl həqiqətlər qələmə alınmışdır. Kitab bu ilin əvvəllərində Naxçıvandakı “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində işıq üzü görmüşdür. 
   Ümummilli lideri Heydər Əliyev 2002-ci ildə Bəhruz Kəngərlinin ev-muzeyinin açılışında rəssamın yaradıcılığının araşdırılması ilə bağlı fikirlərini də bölüşmüşdü: “Hesab edirəm ki, Azərbaycanda, o cümlədən Naxçıvanda bizim sənətşünaslar, tədqiqatçılar Bəhruz Kəngərlinin yaradıcılığını daha professional səviyyədə tədqiq etməli, əsərlər yazmalıdırlar”.
   Sənətşünaslar Ziyadxan Əliyev və Nizami Alıyevin üç il ərzində apardıqları tədqiqat Naxçıvanla yanaşı, həm də Moskva və Tiflis şəhərlərini əhatə etmişdir. Arxiv və muzeylərdə araşdırmalar zamanı rəssamın həyat və yaradıcılığı ilə bağlı yeni faktlar üzə çıxarılmışdır. Bütün bunlar 512 səhifəlik yeni nəşrdə öz əksini tapmışdır. Aparılan tədqiqat rəssamın həyat və yaradıcılığından bəhs edən və 2013-cü ilə kimi nəşr olunan bir neçə kitab və kataloqda təhrif olunan faktları aradan qaldırmağa imkan vermişdir.
   Əgər kitabın məzmunundan söz açmalı olsaq, onda ilk növbədə onun adını qeyd etməliyik. Görkəmli rəssamın haqlı olaraq “Bəhruz bəy” kimi ifadə olunan adı, əslində, kommunist rejiminin ona qarşı etdiyi haqsızlığı birdəfəlik aradan qaldırmaq məqsədi daşımışdır. Bu cür təqdimat hamıya məntiqli və inandırıcı göründüyündən kitabın adında da bu cür ifadə saxlanılmışdır. 
   Kitab ensiklopediya xarakterlidir. Burada B.Kəngərli haqqında ən müxtəlif məlumatları almaq mümkündür. Kitabda “Kəngərlilər”, “Rəssamın dövrü və mühiti”, “Uşaqlıq illəri”, “Təhsil illəri”, “Sənət dünyası”, “Portret cizgiləri”, “Rəssam haqqında fikirlər”, “Ölməzlik”, “İthaflar”, “Kataloq” və “Arxiv” bölümlərinin yer alması da qeyd etdiklərimizi təsdiqləyir. Rəssamın yaratdığı “Qaçqınlar” silsiləsinin ayrıca təqdimatını və təhlilini erməni təcavüzünün ifşası üçün çox tutarlı bədii-tarixi material saymaq olar. Bu bölümlərin hər biri cəmisi 30 il ömür sürmüş fırça ustasının təzadlarla dolu həyat yoluna işıq salmaqla oxucuları bir-birindən çox maraqlı, əvvəllər bilmədikləri faktlarla tanış edir.
   Kitabda ilk olaraq rəssamın mənsub olduğu məşhur Kəngərlilər nəsli barədə məlumat verən müəlliflər onların qədim türk tayfalarından biri olması və bu nəslin Azərbaycan tarixini şərəfləndirən şəxsiyyətlər yetişdirdiyini qeyd edirlər.
   Rəssamın ailəsi haqqında qeyd olunur ki, Kəngərlilər ailəsində 6 uşaq - üç qız və üç oğlan böyüyüb. Bu uşaqların ən böyüyü olan Bəhruz Şirəli bəylə Əziz xanımın izdivacından, bacıları Tahirə və Mənsurə Şirəli bəylə onun ikinci həyat yoldaşı Şirin xanımla nikahından, qalan üç nəfər - Davud, Rüstəm və Gültac isə Şirin xanımla Şirəli bəyin vəfatından sonra onun ailə həyatı qurduğu Qədir ağa ilə evliliyindən dünyaya gəlmişlər. 
   Kitabın diqqətçəkən məqamlarından biri müəlliflərin rəssamın yaradıcılığında geniş yer almış uşaq portretlərinin kimliklərini müəyyən etmələridir. Müxtəlif mənbələrdən Kəngərli ailəsində böyüyən uşaqların fotolarını əldə edən tədqiqatçılar tutuşdurma nəticəsində həmin portretlərdə kimlərin təsvir olunduğunu dəqiqləşdirməyə nail olmuşlar. Bu uşaqların həyat yolunu izləyən kitab müəllifləri 30-cu illərdə repressiya dalğasının bu nəsildən də yan keçmədiyini üzə çıxarmışlar. Malikanələri əllərindən alınmış uşaqlar bundan sonra SSRİ-nin müxtəlif guşələrinə səpələnmişlər. Rüstəm Belqorod vilayətinin Valuysk şəhərində Boris Şirəliyev adı altında yaşamağa məcbur olmuş, Gültac da Tahirova familiyasını qəbul etməklə təhlükədən xilas ola bilmişdir. Bəhruz bəy portretlərini çəkdiyi qohumlarını qorumaq xətrinə müxtəlif adlarla təqdim etməklə, onların naməlum qalmasına çalışmışdır. İş o yerə çatmışdır ki, o, həyat yoldaşı Hürnisəni əks etdirən əsəri də “Qaçqın xanım” adlandırmaqla onun anonimliyini təmin etmişdir. Yalnız rəssamın bacısı Mənsurənin zamanında oğlu Xanlara “Qaçqın xanım”da kimin təsvir olunduğunu söyləməsi müəlliflərə əsərin əsl qəhrəmanının kim olduğunu ictimailəşdirməyə imkan vermişdir. 
   “Təhsil illəri” bölməsində rəssamın yenicə yaranmaqda olan sənət dünyası ilə yanaşı, onun birlikdə təhsil aldıqları gürcü dostları - rəssamlar Lado Qudiaşvili, Ketevan Maqalaşvili, rəssam, heykəltəraş və rejissor Mixail Çiaurelidən söz açılıb. 
   Kitabın rəssamın dövrü və mühitindən söz açılan bölməsi də maraqlı faktlarla zəngindir. Burada Naxçıvanda ədəbiyyat, incəsənət və maarif sahəsində fəaliyyət göstərən ziyalıların gördüyü işlərin gənc Bəhruza təsirindən danışılır. 1910-cu ildə Tiflisə rəssamlıq üzrə ixtisas təhsili almağa yollanan B.Kəngərlinin orada oxuduğu yer haqqında bu vaxta kimi Azərbaycan oxucusunda məlumatın olmaması qarşılığında, kitab müəlliflərinin əvvəllər kilsə olmuş həmin binanı tapmaları və onun müxtəlif fotolarını oxunaqlı mətnlə müşayiət etmələri də nəşrin müsbət xüsusiyyətlərindəndir.
   “Rəssamın bədii irsi” bölümündə ilk dəfə görkəmli fırça ustasının 7 il ərzində yaratdığı rəngkarlıq və qrafika əsərləri, teatr-dekorasiya nümunələri barədə məlumat verilmiş, onlar növ və janr üzrə təhlil olunmuşdur. Məlum olur ki, rəssamın 450 əsəri Bakıdakı Azərbaycan Milli İncəsənət Muzeyində, 58 əsəri isə Naxçıvandakı Bəhruz Kəngərli Muzeyində saxlanılır. Yaxşı haldır ki, bu siyahı “Kataloq” bölümündə bir qədər də zənginləşdirilmişdir. Bu siyahıya rəssamın şəxsi kolleksiyalarda qorunan əsərləri daxil edilmişdir. İctimaiyyətə ilk dəfə təqdim olunan bu əsərlərin sırasında “Bektaşilər”, “Dəniz mənzərəsi” və “Qızılgüllər” rəngkarlıq, “Mirzə Heydər Nəsirbəyov”, “Əsəd ağa Kəngərlinin portreti”, “Nazlı xanım Tahirova (Nəcəfova)” və s. qrafika əsərləri vardır.
   B.Kəngərlinin bədii irsini janrlar üzrə təhlil edən müəlliflər onların bədii-texniki xüsusiyyətlərini ilk dəfə dərindən təhlil etmiş, daşıdığı bədii-estetik xüsusiyyətləri üzə çıxarmışlar. Nəşrdə rəssamın rəsmlərinə xas olan akademik bitkinliyin qarşılığında, rəngkarlıq işlərində, xüsusilə də kiçikölçülü əsərlərində yüksək sənətkarlıq nümunəsi sərgilədiyi vurğulanır.
   “Portret cizgiləri” bölümü isə məzmun etibarilə digər rəssamlara həsr olunmuş monoqrafiyalarda rast gəlinməyəcək bir müəllif yanaşmasının nəticəsidir, desək, yanılmarıq. Burada rəssamın avtoportretləri, ona həsr olunmuş ədəbi nümunələr, barəsindəki yazılan məqalələr, söylənilmiş fikirlər əsasında yaradılan “Bəhruz bəy Kəngərli obrazı”, doğrudan da, yeni və oxunaqlıdır. Rəssamın Bakı və Naxçıvan muzeylərində qorunan şəxsi əşyaları haqqında verilən illüstrasiyalı məlumat da onun maraq dünyasını və zövqünü duymağa imkan verir.
   Zaman-zaman B.Kəngərlinin ömür yolu ilə yaxından tanış olan yazıçı və şairlər, eləcə də rəssam və heykəltəraşlar onun obrazlarına fərdi münasibətlərini bədii tutumda ifadə etməyə çalışmışlar. Bunun nəticəsində B.Kəngərlinin obrazlar qalereyası yaradılmışdır. Onların hamısı ilə kitabda tanış olmaq mümkündür. Bu sırada C.Qaryağdı, T.Tağıyev, A.Qazıyev, A.Hüseynov, Ü.Həmzəyeva, T.Abdinov, G.Mehdizadə, C.Hüseynov, T.Məmmədzadə, R.Qarayev, A.Əsədli, Y.Səmədov, Ə.Fərəcoğlu və başqalarının adlarını çəkə bilərik. Kitabda verilmiş şair İslam Səfərli, Elçin İsgəndərov və Zaur Vedilinin şeirləri, Tofiq Mahmudovun povesti və Adil Babayevin pyesi də B.Kəngərli dünyasını duymaqda yaxşı bədii vasitələrdir.
   Rəssamla bağlı üzə çıxarılan arxiv materiallarının kitaba daxil edilməsi onun əhəmiyyətini artırmağa xidmət edir. Kitab ingilis və rus dillərində yazılmış iki ətraflı məqalə ilə tamamlanır. Bu da başqa xalqların rəssamın yaradıcılığı ilə tanışlığına imkan yaradır.
   Fikrimizcə, “Bəhruz bəy Kəngərli taleyi” kitabı görkəmli sənətkarın anadan olmasının 125-ci ildönümü qeyd olunduğu bir vaxtda onun xatirəsinə ən yaxşı töhfə sayılmağa layiqdir. Bu nəşri həmçinin Azərbaycan sənətşünaslığını zənginləşdirəcək sanballı tədqiqat əsəri hesab etmək olar.
   
   Samir Sadıqov 
   sənətşünaslıq üzrə fəlsəfə doktoru