Prezident İlham Əliyev iyulun 24-də olimpiya və paralimpiya çempionlarına dövlət dəstəyinin artırılması haqqında fərman imzalayıb.
Fərmanda paralimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi paralimpiya təqaüdünün təsis olunması və aylıq məbləğinin minimum aylıq əməkhaqqı məbləğinin (hazırda 345 AZN) 2 misli miqdarında müəyyən edilməsi qeyd olunub.
Fərmana əsasən, olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği isə minimum aylıq əməkhaqqı məbləğinin 4 misli miqdarında müəyyən edilib.
Qeyd edək ki, bu fərmanadək olimpiya çempionları üçün Prezidentin xüsusi təqaüdünün məbləği 1300 AZN olub. Fərmandan sonra bu məbləğ 1380 AZN olacaq və gələcəkdə minimum aylıq əməkhaqqının məbləğinə uyğun (4 misli) artacaq.
Olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdləri 2002-ci ilin 10 oktyabrında təsis edilib və ilk məbləğ 400 AZN (denominasiyadan əvvəl 2 milyon manat) olub. 2006-cı ilin mayında məbləğ 500, 2008-ci ilin yanvarında 750, həmin ilin sentyabrında 1000, 2016-cı ilin dekabrında isə 1300 AZN müəyyən edilib.