Azərbaycan tamaşaçıları ötən ilin noyabrından çəkilişlərinə başlanılan tammetrajlı bədii film - “Ultionis” psixoloji trillerini yaxın vaxtlarda ekranlarda izləyə biləcəklər. 
   Ekran əsəri “Qafuroğlu Film” yaradıcılıq birliyində Nicat Qafuroğlunun eyniadlı romanı əsasında lentə alınır. Psixoloji trillerin ssenari müəllifləri Ceyhun Musaoğlu və Nicat Qafuroğludur.
   Xalq artisləri Rasim Balayev, Həmidə Ömərova, əməkdar artistlər Səidə Quliyeva, Sabir Məmmədov, gənc aktyorlar Əflatun Abdullayev, Tunay Əliyeva və başqalarının rol aldığı film 3 dildə - Azərbaycan, rus, ingilis dillərində səsləndiriləcək.
   Filmin quruluşçu rejissoru Nicat Qafuroğlu bildirib ki, “Ultionis” nüfuzlu beynəlxalq festivallara təqdim olunacaq: “Qarşımıza məqsəd qoymuşuq ki, dünya tamaşaçılarının diqqətini çəkəcək film yaradaq. Göstərmək istəyirik ki, Azərbaycanda da “Kann”, “Oskar” mükafatlarına layiq filmlər çəkmək mümkündür. Buna görə çəkilişlərdə ən müasir texniki avadanlıqdan istifadə olunur və prosesə xarici kino mütəxəssislərini də cəlb etmişik. Son sözü isə təbii ki, tamaşaçı deyəcək”.
   Təxminən 2 aydan sonra filmin təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.