Bu il ilk dəfə olaraq Azərbaycan Kann kinofestivalında xüsusi pavilyonla təmsil olunacaq. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib. Mayın 11-dən 16-dək Fransanın Kann şəhərində keçiriləcək festivalda iştirak edəcəyini deyən nazir ötənilki festivalda Azərbaycanın sadəcə reklam xarakterli lövhələrinin nümayiş olunduğunu xatırladıb: “Bu il isə müxtəlif ölkələrin pavilyonlarının sırasında Azərbaycanın pavilyonu da qurulacaq. Mayın 14-də Kann festivalı çərçivəsində Azərbaycan pavilyonunun təqdimatı keçiriləcək. Orada son illər ölkədə çəkilən filmlərin, reklam materiallarının təqdim olunması nəzərdə tutulur”.
   Nazir bildirib ki, festival çərçivəsində Fransanın tanınmış kino xadimləri ilə görüşləri olacaq: “Bu yaxınlarda Azərbaycanda səfərdə olan Jerar Depardye ilə yeni filmlərin çəkilişi ilə bağlı danışıqlar aparılacaq və müqavilələr imzalanacaq. Bu, bizim ilk təqdimatımızdır. Bu addımdan sonra Azərbaycan filmlərinin Kann festivalının proqramına daxil edilməsi üçün lazımi işlər görülməlidir. Bizim siyasətimiz ondan ibarətdir ki, tədricən Azərbaycan kinosunu tanıdaq”.