Görkəmli tarzən, Xalq artisti Əliağa Quliyevin 100 yaşı tamam olur
“Oxu tar, səni kim unudar!” demişdi əbədiyaşar Mikayıl Müşfiqimiz. Tarı oxudaraq yaşadanlardan biri də unudulmaz tarzən, Xalq artisti Əliağa Quliyev idi. Bu il 100 illik yubileyi qeyd edilən mərhum sənətkarın ifaçılıq tariximizdə öz dəst-xətti var. O, ötən əsrin 50-70-ci illərində Azərbaycan Radiosunda və Azərbaycan Dövlət Filarmoniyasında xalq çalğı alətləri ansambllarının rəhbəri olub. Daha sonra Azərbaycan Dövlət Qastrol-Konsert Birliyi Xalq çalğı alətləri ansamblının rəhbəri və konsertlərinin təşkilatçısı işləyib.
Görkəmli tarzənin ifasında "Rast", "Mahur-hindi", "Bayatı-Şiraz", "Bayatı-kürd", "Hümayun", "Çahargah", "Çoban bayatı", "Şüştər" və digər muğamlarımız teleradionun “Qızıl fondu”na daxil edilib.
Şamaxıdan başlayan tar sevgisi
Əliağa Quliyev 1917-ci il mayın 9-da Bakıda anadan olub. Əslən Şamaxıdan olan Əliağanın uşaqlıq illəri bu şəhərdə keçib. Elə gələcək taleyini müəyyən edən tar aləti ilə tanışlığı da Şamaxıda baş tutmuşdu. Sənətkar bu haqda sonralar xatirələrində belə yazacaqdı: “Poçt yolu” deyilən küçədən babamla tez-tez keçərdim. Hər dəfə də keçərkən bir oğlanın özündən böyük tarı sinəsinə sıxaraq yanıqlı-yanıqlı çaldığını görürdüm. Bu səhnə məndə tara maraq yaratdı”.
Şamaxıdan Bakıya özü ilə gətirdiyi tar sevgisi onu tərk etmir. O, tar dərnəyinə yazılır və 1934-cü ildə Asəf Zeynallı adına Orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. Üzeyir Hacıbəylinin təşkil etdiyi xalq çalğı alətləri orkestrində işləmək üçün tar ifaçıları arasında təşkil olunan müsabiqədə uğur qazanır. Böyük bəstəkarla görüş onun həyatında mühüm hadisə olur. Eyni zamanda dahi musiqiçinin rəhbərlik etdiyi orkestrdə çalışmaq Əliağa üçün böyük məktəbə çevrilir. 1936-cı ildə Opera və Balet Teatrında və radionun orkestrində çalışan gənc tarzən bir il sonra böyük uğurla qarşılanan "Koroğlu" operasının ilk premyerasında simfonik orkestrin tərkibində ifa edir. 1938-ci ildə tarzən Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün iştirakçısı olur.
1939-cu ildə Bakıda konservatoriyanın Xor-dirijorluq fakültəsinə qəbul olsa da, II Dünya müharibəsinin başlanması ilə təhsili yarımçıq qalır. Böyük döyüş yolu keçən tarzən ağır yaralansa da, döyüş meydanını tərk etmir. Vətənə müharibə başa çatdıqdan sonra, 1946-cı ildə qayıdır. Onu da qeyd edək ki, müharibəyə sıravi əsgər kimi yollanan Əliağa bölük komandiri vəzifəsinə yüksəlir. Ə.Quliyevlə eyni cəbhədə döyüşmüş rus yazıçısı İvan Brejnev “Kəşfiyyatçının qeydləri” adlı məşhur əsərində azərbaycanlı zabitin göstərdiyi qəhrəmanlıqlar haqqında epizodlara xüsusi yer ayırıb.
Tarzən 1946-1951-ci illərdə Əhməd Bakıxanovun rəhbərlik etdiyi Xal çalğı alətləri ansamblında konsertmeyster, 1955-1960-cı illərdə Opera və Balet Teatrında solist, 1966-1969-cu illərdə Rəşid Behbudovun rəhbərlik etdiyi Mahnı Teatrında çalışır. 1995-ci ilə kimi Azərbaycan Dövlət Qastrol Konsert Birliyində çalışan sənətkarın iştirakı ilə “Leyli və Məcnun” operasının radio-tamaşa variantı hazırlanır.
Görkəmli xanəndələr Bülbül, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Gülağa Məmmədov, Əbülfət Əliyev, opera müğənniləri Əlövsət Sadıqov, Yavər Kələntərli və başqaları Əliağa Quliyevin rəhbərlik etdiyi ansamblların müşayiəti ilə çıxış etmişlər. Sənətkarın sadəliyi, mehribanlığı, gənc ifaçılara hədsiz qayğısı qısa müddətdə istedadlı gənclərin onun ətrafına toplanmasına səbəb olurdu. Arif Babayev, Süleyman Abdullayev, Teymur Mustafayev, Sabir Mirzəyev, Mais Məmmədov kimi istedadlı müğənnilər ansamblda yetişib, püxtələşmişdilər. Həmçinin Teyyub Dəmirov, Baba Salahov, Əhsən Dadaşov, Hafiz Mirzəyev və başqaları bu ansamblın parlaq istedadı ilə tanınan üzvləri idilər.
Ə.Quliyevin görkəmli müğənnilər, SSRİ xalq artistləri Rəşid Behbudov və Zeynəb Xanlarova ilə sıx yaradıcılıq əlaqələri olub. Paris, Marsel, Neapol, İstanbul, Ankara, Varşava, Praqa, Qahirə, Tehran, Dehli, Cakarta, İsgəndəriyyə və başqa şəhərlərdəki çıxışları bu gün də xatirələrdə yaşayır.
Mahir ifaçı 1960-cı ildə respublikanın Əməkdar artisti, 1989-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 11 yanvar 1998-ci ildə vəfat edib.
Əsl sənət həmişə dəyərlidir
Mayın 26-da Beynəlxalq Muğam Mərkəzində sənətkarın 100 illik yubileyi qeyd edildi. Mərasimdə tarzənin həyat və yaradıcılığından söhbət açıldı, yetirmələri, onunla birgə çalışan tanınmış xanəndələrin ifasında muğam və təsniflər səsləndi. Uzun illər ustad tarzənlə birlikdə işləmiş xalq artistləri Ramiz Quliyev, Zamiq Əliyev, Arif Babayev, Azərbaycan Milli Konservatoriyasının müəllimi, tarzən Rafiq Musazadə və digərləri xatirələrini bölüşdülər.
Bildirildi ki, Ə.Quliyev uşaq kimi pak, məsum, xeyirxah bir insan idi. Onda Üzeyir bəyin, Qurban Pirimovun, Əhməd Bakıxanovun, Mansur Mansurovun nəfəsi vardı. İfası ilə hər bir müğənninin ürəyinin sarı siminə toxunan böyük sənətkar idi. O həm də mənalı, maraqlı həyat yolu keçmiş, Üzeyir bəyin tərbiyəsini görmüşdü.
Qeyd edildi ki, 65 ilə yaxın sinəsinə sıxdığı tarı ilə Azərbaycan musiqisini tərənnüm edən tarzən həm mahir solo ifaçı, həm də müşayiətçi idi. Onun ifasında lentə alınan muğamlarımız Azərbaycanın musiqi salnaməsinə daxil olub. Bu gün gənc tarzənlər onun ifaçılıq texnikasından yararlanırlar. Ə.Quliyevin eyni zamanda “Dağlar", "Alyanaq", "Vüsal nəğməsi” kimi populyar mahnılarını tanınmış müğənnilər ifa ediblər.
Bəli, Əliağa Quliyev əsl sənətkar ömrü yaşayıb. O, mahir ifaçı, müşayiətçi olmaqla bərabər, həm də bacarıqlı musiqi təşkilatçısı idi. Xalqa, millətə sədaqətlə xidmət edənlər isə heç zaman unudulmurlar. Sevilən ifaçı cismən bizi tərk etsə də, sənətdə qoyduğu izlə qəlblərdə yaşayır.
L.Azəri