İyunun 9-da Bakıda “Azərbaycan turizm sektorunun inkişafında sağlamlıq-müalicə turizminin rolu və turizm məhsulu kimi turizm şirkətləri şəbəkəsində satış təcrübələri” mövzusunda konfrans keçirilib. Tədbir Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHİSTA) birgə təşkilatçılığı ilə gerçəkləşib.
Ölkədəki sanatoriya-kurort müəssisələri və turizm şirkətləri nümayəndələrinin qatıldığı konfransı AHİSTA-nın prezidenti Ruslan Quliyev açaraq bildirib ki, Azərbaycanda turizmin demək olar ki, bütün istiqamətlərinin inkişafı üçün təbii şərait var. Ölkəmizdə bu baxımdan mövcud olan unikal imkanlardan biri də sağlamlıq turizmi ilə bağlıdır. Azərbaycan artıq bu sahədə dünyada yeni bir turizm istiqaməti kimi tanınmağa başlayıb.
Qeyd olunub ki, Azərbaycan alternativ turizm növlərinin inkişafı üçün çox əlverişlidir. Amma imkanların olması hazır məhsul demək deyil. Ona görə də ölkəmizdə mövcud olan sağlamlıq turizmi potensialını turizm məhsuluna çevirib dünyada təqdim etmək üçün həm özəl sektorun təmsilçiləri, həm də müvafiq dövlət qurumları tərəfindən lazımi işlər görülür: “Ötən il Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Qalaaltı” müalicəvi istirahət kompleksinin Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasına üzv seçilməsi buna sübutdur. Bundan əlavə, AHİSTA və AZTA arasında əməkdaşlıqla bağlı uzunmüddətli memorandum imzalanıb. Bu əməkdaşlıq, eyni zamanda AHİSTA-nın müxtəlif beynəlxalq tədbirlərdə iştirakı Azərbaycanın sağlamlıq turizmi imkanlarının tanıdılmasına zəmin yaradır”.
R.Quliyev nəzərə çatdırıb ki, ötən il Naftalana dünyanın 70-dək ölkəsindən 35 mindən çox turist gəlib: “Hesab edirəm ki, yaxın gələcəkdə daha böyük nəticələr əldə edəcəyik. Təbii ki, bu sahədə problemlər də mövcuddur. Birgə fəaliyyətlə bütün çatışmazlıqları aradan qaldırmağa müvəffəq olacağıq”.
Azərbaycan Turizm Assosiasiyası İdarə heyətinin sədri Nahid Bağırov da çıxışında bildirib ki, ölkənin sağlamlıq turizmi imkanlarını tanıtmaqla, güclü turist axınına nail olmaq olar. Bu sahədə potensial genişdir, turizm sektoru təmsilçilərinin üzərinə düşən, sadəcə, bu imkanları tanıtmaqdır.
Milli Məclisin Sosial siyasət və tibb komitəsinin üzvü İlham Əliyev qeyd edib ki, turizmə sırf biznes məqsədilə yanaşmaq doğru deyil. Burada müxtəlif nüansları da nəzərə almaq lazımdır. Ölkəmizin tanıtımı, təbliği də bu sıradadır. Sağlamlıq turizmi Azərbaycanın brendidir və onu dünyaya təqdim etməyi bacarmalıyıq. Dünyada analoqu olmayan Naftalan nefti, böyrək daşlarının düşürülməsində möcüzəvi effektə malik Qalaaltı suyu və s. kimi müalicə vasitələrimizi düzgün təbliğ etməklə ölkəmizə çoxlu sayda turist cəlb edə bilərik.
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Marketinq sektorunun müdiri Emil Səfərov nazirliyin sağlamlıq turizminin inkişafı istiqamətində mühüm işlər gördüyünü deyib. Qeyd edib ki, bu turizm sahəsinin təşviq edilməsi ölkə başçısının müvafiq fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də əksini tapıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov Turizm Şurasının yaradılmasının turizm və biznes infrastrukturunun inkişafına xidmət edən mühüm amil olduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda Azərbaycanda kənd turizminin inkişafı istiqamətində də mühüm işlər görülür.
Konfrans çıxışlar və müzakirələrlə davam etdirilib. Sonda qərara alınıb ki, assosiativ əməkdaşlıq davam etdirilsin, sahənin inkişafında və sağlamlıq turizmi məhsulunun tanıdılmasında birgə fəaliyyət həyata keçirilsin.
Fariz Hüseynov