Yavər Rzayevin “İlahi məxluq” filmi haqqında qeydlər
Dünyanın elə kino korifeyləri var ki, yuxularında gördüklərini ekranlaşdırıb onu ekran əsəri edə bilirlər. Bu, ilk növbədə, sənətkarlar üçün kinematoqrafiyanın yaratdığı geniş imkanları təsdiqləyir. Əslində sənətkar təxəyyülü ilə reallıq tərs mütənasibdir. Təxəyyül reallığa yaxın olduqca ondan o qədər də uzaq dayanır. Məhz buna görə də gərək sənətdə gördüklərinə deyil, təxəyyülündən keçirdiklərinə əsaslanasan.
Bu xüsusda kinorejissor Yavər Rzayevin yaradıcılığı mənim üçün həmişə çox maraqlı olub. O deyir: “Rejissura zaman və məkanı yığcam etmək sənətidir”. Öz filminə verdiyi adlarda da bu faktı nəzərə alır. “Sarı gəlin” - bu adda həm zamanımızın, həm də məkanımızın yığcam əksi var. Yeni filmini isə rejissor “İlahi məxluq” adlandırıb. “Sarı gəlin” və “İlahi məxluq” adları (onun “Fövqəldünya” sənədli filmini də buraya əlavə etmək olar) Yavər Rzayev kinosunun yığcam məzmunudur.
Azərbaycançılıq ideyası onun yaradıcılığının ana xəttidir, o bu real ideyaya yaxınlaşdıqca, təxəyyülü də onu o qədər uzaq yüksəkliklərə (İlahiyə belə) qaldırır. Məhz bu yaradıcılığı, təxəyyülləri süzgəcindən keçirmək istəməyənlər rejissoru mentalitetimizdən uzaqlaşmaqda günahlandırırlar.
“İlahi məxluq”. Filmin ilk təqdimatına dəvətnamələrdə əks olunan rəsm əsərinin (filmin afişalarında da bu rəsm verilib) Azərbaycana aidiyyəti yoxdur. Bu, XVIII əsr ingilis rəssamlıq məktəbinin nümayəndəsi Coşua (Joshua) Reynoldsun “Venera və Amur” əsəridir. Bəs onda filmdəki ilahi məxluq kimdir və nədir?
“İlahi məxluq”un qəhrəmanlarından biri rəssamdır, müasir azərbaycanlı xanımdır (aktrisa Vəfa Zeynalova). O, şəhərdən dağ kəndlərindən birinə gəlib. Niyə? Öz çaşmış, azmış ruhunun qidasını təbiət mənzərələri qoynunda tapmaq, yoxsa şəhvani hisslərini öldürmək üçün? Bu hisslərin hər ikisində instinkt var. Onun təşrif buyurduğu dağın sakini çoban da öz təbii instinktlərinin hökmü ilə yaşayır. Ancaq bu sivil rəssamdan fərqli olaraq o öz instinktlərinə don geyindirməyib. Onun üçün rəssamın çəkdiyi şəkillərlə həyatı arasındakı fərq, nəzəriyyə ilə həyat arasındakı fərq kimidir. Nəzəriyyə quru, həyat ağacı isə həmişə yaşıldır. Axırda rəssam gəldiyi yerə qayıdası olur. O bu yerdən heç nə apara bilmir, çünki bu yerin sakinlərinin özünümüdafiə instinkti daha güclüdür. Ata onun oğlunu şəhərə “sürükləyən” rəssam qıza “sənə demədim, əl çək oğlumdan” deyib ona yarınır, şəhvətini onun bədəninə sanki bir sillə kimi çırpır. Artıq qıza aludə olmuş gənc oğul isə atasını öldürmək istədiyini anasına bildirir (Z.Freydin “Edip kompleksi” konsepsiyası). Ata isə bu hadisədən sonra oğlunu qarlı dağda tək qoyub gedərək “sən kişisən, qorxma” deyir, ona kişi olmaq dərsi keçir.
Ümumiyyətlə, Yavər Rzayevin özünün dediyi kimi, “zamanı və məkanı yığcam etmək” istəyi onun söhbət açmaq istədiyi çoxsaylı konsepsiyaları bir filmdə cəmləşdirmək istəyinə mane olub. Belə ki, hətta adi qovluğun içindəki rəsmlərə verilmiş şəkilaltı sözlər belə filmdə hansısa bir ideya daşıyıcısı kimi təqdim olunur. Çox qısa bir kadr anında bu sözləri nəinki anlamaq, hətta oxuyub qurtarmaq belə olmur.
Bugünün tamaşaçılarını hansısa bir filmlə təəccübləndirmək çətindir. Filmlər çoxdur, bir-birinin təkrarı olanlar isə lap çox; hətta bu təkrarlar janr kimi təsdiqlənib (rimeyklər). Ona görə də rejissor müraciət etdiyi mövzu ilə özünün təkrarsız olduğunu təsdiqləmək istəyir. Özü öz qəlbinin, düşüncələrinin təsvirinə baxmaq istəyir. Əgər sənət əsəri yaratmaq istəyən adam özünə inanırsa, onun üçün bu, asan olur. Çünki artıq “baxanlar nə fikirləşər?”, “vay dədə, nə deyəcəklər, güləcəklər” qorxusu olmur onun canında. Bu mənada Yavər Rzayev çox azaddır.
Dünya kino korifeylərindən biri öz filmləri haqqında onların tamaşa edilməkdən başqa izaha da ehtiyacı olduqlarını söyləmişdi. Əlbəttə, Yavər Rzayevi kino korifeylərdən biri kimi təqdim etməkdə iddialı olmasam da, filmi ilə bağlı izahını dinləməyi vacib saydım. “Siz bu filmdə nə demək istəmisiniz?” sualına o belə cavab verdi: “İlk əvvəl gördüklərinizi. Fəlsəfi konsepsiyalara gəlincə isə, alman filosofu Osvald Şpenqlerin “Avropanın qürubu” əsərindən misal gətirim. O yazırdı: “Bir vaxtlar Avropa Şərqi özünün maliyyə və siyasi imkanları gücünə deyil, Şərqin özünün öz siyasi oriyentasiyasından imtina etməsi bahasına fəth edə bilmişdi”. Bəli, tarixə nəzər salsaq görərik ki, həmişə Şərqi Qərb kəşf edib (qədim Misir fironlarının qəbrinin içinə belə Qərb alimi girib), Şərq isə heç vaxt bunları edə bilməyib. Şərqin nəinki özünü, həm də Qərbi tədqiq etmək zamanı gəlib çatıb. Mən filmimlə bu xüsusda addım atmağa çalışmışam. Biz məcburuq ki, kinomuzda Qərbin dili ilə danışaq, çünki kinonu onlar kəşf ediblər. Filmdə Reynoldsun “Venera və Amur” tablosu bir növ süjetin əsasında durur. Rəssamlıq tarixinə nəzər salsaq görərik ki, bu əsərə qədər dünya rəssamlarının təsvir etdikləri Veneraların heç biri əks cinsdə şəhvani hisslər oyatmır. Reynoldsun Venerası isə üzünü bir əli ilə örtərək sanki naz edir, çağırır. Eynilə mən filmdə məhz bu Veneranın canlı təcəssümünü yaratmaq istəmişəm. Məncə, aktrisa Vəfa Zeynalova bu obrazın öhdəsindən gələ bilmişdir. Filmin əsas qəhrəmanlarından biri Reynoldsun Venerasına (sonuncu Venera) əlini uzadıb onun daxilinə sirayət etmək istəyən gəncdir. Filmdə həmin bu gənc dünyanın məşhur rəssamlarının əsərləri olan köhnə rəsm qovluğunu vərəqləyərkən sanki dünyanın sənət dünyasını sərf-nəzər edir (Vrubel, Van Qoq, Salvador Dali, əlbəttə ki, Səttar Bəhlulzadə). Bütün bu əsərlər gəlib gedən sivilizasiyaların əksidir. Onlar (sivilizasiyalar) yaranır və süqut edir. Təbiət isə əbədidir. Mənim filmimin qəhrəmanları olan dağ sakinləri kimi. Onların həyat ritmini saxlamaq olmaz. Çünki onlar təbiətin özü kimi təbii və canlıdırlar”.
Rejissor dağ və Avropa deyərkən nədənsə dünyanın ən hündür dağ silsiləsi Himalay dağlarını xatırladım. Bu dağ sakinləri Hindistan kimi varlı ölkənin vətəndaşları idi. Hindistan tam bir əsr ərzində İngiltərə tərəfindən talan edildi. Bu gün Hindistanın tarixini öyrənənlər İngiltərənin muzeylərini ziyarət edir; Hindistan hesabına varlanan İngiltərənin. Niyə öz dağlarımızı deyil, Himalay dağlarını misal çəkdim. Sadəcə tamaşaçılarımızdan bəziləri Yavər Rzayevin dağ kəndlərimizdən xəbəri olmadığını, oradakı həyatı düzgün canlandıra bilmədiyini söyləmişdi. Əslində rejissorun özünün dediyinə görə, onun heç məqsədi də bu olmayıb. Məqsəd təbiətin ən yüksək müstəvisində yaşayan, sivilizasiyanın əlini çətinliklə uzada bildiyi bir torpaq sakinlərinin həyat ritmini canlandırmaq olub. Bu ritm oradakı bütün varlıqların, qurdların belə daxili həyat ritmidir - yaşamaq uğrunda mübarizə ritmidir. Dünya bu ritmin bitdiyi anda məhv olacaq.
Rejissor bir azərbaycanlı - şərqli olaraq sözünü uca tribunadan demək istəyib bu filmdə. Deyir ki, gərək filmin adını Şpenqlerin “Avropanın qürubuna”na uyğun olaraq “Veneranın qürubu” qoyardım; Şərqin həyat ritminin təsirindən qürub edən Venera. Aktrisa Münəvvər Əliyevanın qəhrəmanı - çobanın arvadı, dağdan aşağı enərkən can üstdə ölür. Onun bu iniltisində ilahi məxluqun əzabları var. Canlı Venera olaraq dağdakı həyat ritmini pozmaq istəyən rəssam isə müqavimətə tab gətirməyib ordan qaçmalı olur. Nurəddin Mehdixanlının qəhrəmanı - ata isə, nəinki dağ çobanıdır, həm də ətrafdakıları dağ qanunlarına tabe etdirən müdrik bir qüvvədir. Filmin azərbaycanlıların həyatını əks etdirmədiyini deyənlərə isə bu gün rahat həyat dalınca Rusiyaya axın edənlərdən birini - “İlahi məxluq”dakı gəncin (aktyor Rəşad Səfərov) obrazını yada salıram.
Filmin qəhrəmanları az danışır; yaxşı ekran əsərinin səviyyə göstəricilərindən biri olan bu xüsusiyyət filmin musiqi tərtibatı ilə həqiqətən ilahiləşib. Bəstəkar Siyavuş Kəriminin musiqisi, Sevda Ələkbərzadənin ifası hətta dağların nəfəsini belə musiqili edir. Filmdə səsləndirmə ilə bağlı problemlər də var. Ümumiyyətlə, mən “İlahi məxluq”un ilahiliyə istinad etdiyinə görə bu kəm-kəsirləri filmin yaradıcı heyətinə bağışlayıram (bir tamaşaçı olaraq).
Çətin təbii şəraitdə çəkilən film bugünkü kinematoqrafımız üçün uğurdur. Kinomuzun əmək rəşadətidir. Operator (Rəsul Tənhayi) işinə gəldikdə isə, demək istərdim ki, operatorun kamerasının gözü ilə görünən həmin təbiət qoynuna ayaq basıb çöl çiçəklərinin ətrini alım, qar çovğununun sərt əlindən tutum - bir sözlə, dağlar qızı kimi yaşayım, özüm olum.
P.S. Yavər Rzayevin “Sarı gəlin” filminə Hollandiyanın Rotterdam kinofestivalında avropalılar 2000-ci ildə tamaşa etmək imkanı qazana bilmiş, filmə dəyər də vermişdilər. Görəsən, rejissorun bu növbəti filminə Avropa qapılarını açacaqmı? Onlar Şərqə və Qərbə Yavər Rzayevin gözü ilə baxa, daha doğrusu, onun fəlsəfi konsepsiyası əsasında Şərqi yenidən kəşf edə biləcəklərmi?!
Sədaqət Kamal