İyunun 10-da Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən Şahdağ Turizm Mərkəzində yay düşərgəsinin açılış mərasimi keçirilib. “ASAN könüllüləri”, “ASAN Məktub” və “Paşa Sığorta” şirkətinin təşkilati dəstəyi ilə hazırlanmış yay düşərgəsinin açılışında - “Açıq qapılar” günündə xeyli sayda valideyn, uşaq və qonaq iştirak edib.
Tədbiri “Şahdağ Turizm Mərkəzi” QSC-nin sədri Rüstəm Nəcəfov açaraq iştirakçıları salamlayıb.
Sonra uşaqlar arasında şahmat və rəsm yarışması təşkil olunub, qaliblərə xüsusi hədiyyələr təqdim edilib. Birinci yerin sahibinə yay düşərgəsinin ilk həftəsi üçün 50%, ikinci yerin sahibinə 30%, üçüncü yerin sahibinə isə 20% endirim kuponu təqdim olunub. Qeyd edək ki, uşaqlararası şahmat turnirində şahmat üzrə 20 yaşadək şahmatçılar arasında ikiqat dünya çempionu tituluna sahib olmuş yeganə şahmatçı və dünyanın ən güclü 20 şahmatçısı sırasında yer alan Şəhriyar Məmmədyarov iştirak edib.
“Açıq qapılar” günündə iştirak edən valideynlər düşərgə müddətində uşaqlarla ünsiyyətdə olacaq xaricdən dəvət olunmuş yüksəkixtisaslı təlimçilərlə, eyni zamanda düşərgədə təşkil ediləcək şərait və xidmətlərlə əyani surətdə tanış olub, müxtəlif oyun və əyləncələr üzərində qurulacaq dərs otağı, ingilis dili mühitinə tam daxil olmağa imkan verən dərs proqramları haqqında ətraflı məlumat alıblar. Tədbir mərkəzin rəhbəri Rüstəm Nəcəfovun iştirakı ilə uşaqlar tərəfindən ağacəkmə mərasimi ilə yekunlaşıb.
Qeyd edək ki, 9-14 yaşlı uşaqlar üçün 18 iyun-10 sentyabr tarixləri arasında fəaliyyət göstərəcək beynəlxalq eko “Şahdağ” yay düşərgəsi uşaqlara öyrətmə, inkişaf və istirahətin mükəmməl balansını təklif etməklə Azərbaycanda ilk dəfə olaraq təşkil olunur.