Böyük mütəfəkkirin qızı tərəfindən Azərbaycan dövlətinə hədiyyə olunan 161 eksponatın sərgi-təqdimatı keçirildi
   
   İyunun 9-da Mədəniyyət və Turizm Nazirliyi və İstiqlal Muzeyinin təşkilatçılığı ilə Muzey Mərkəzinin akt zalında Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, türkoloq, mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadənin Türkiyədə yaşayan qızı Feyzavər Alpsarın atasından qalan irsinin Azərbaycan dövlətinə hədiyyə olunması ilə bağlı sərgi-təqdimat keçirildi. 
   Tədbirdə qonaqlar öncə sərgi ilə tanış oldular. Burada Türkiyədən gətirilən 161 eksponatdan seçilmiş nümunələr - Əli bəy Hüseynzadənin, övladları Səlim Turan və Feyzavər Alpsarın yaratdığı bir sıra sənət əsərləri, Əli bəyin həyatının müxtəlif anlarını əks etdirən fotoşəkilləri, şəxsi əşyaları nümayiş etdirilirdi. Əli bəy Hüseynzadənin qızı tərəfindən 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar, eləcə də “Həyat” qəzetinin nüsxəsi Azərbaycana hədiyyə olunub.
   Sərgi ilə tanışlıq başa çatdıqdan sonra Azərbaycanın Dövlət himni səsləndirildi. Ardınca Əli bəy Hüseynzadənin həyatı, fəaliyyəti, eləcə də qızı - İstanbulda yaşayan Feyzavər xanımın atasının irsinin Azərbaycana gətirilməsi üçün rəsmi razılıq verməsilə bağlı videogörüntü nümayiş olundu.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir müddət öncə Feyzavər xanımın Əli bəy Hüseynzadənin şəxsi əşyalarının Azərbaycana hədiyyə etmək istədiyini bildirdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, bununla bağlı müvafiq qanuni prosedurlar başlanıb və həmin əşyalar indi onun sahibinin vətənindədir. Nazir böyük şəxsiyyətin arxivinin qaytarılmasına görə Türkiyə dövlətinə də minnətdarlığını dilə gətirdi. 
   Bildirildi ki, 2014-cü ildə Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyi münasibətilə Azərbaycan Prezidenti tərəfindən sərəncam imzalanıb. Həmin sərəncama əsasən keçirilən tədbirlərdə Əli bəyin türkçülük ideologiyası, eləcə də Türkiyənin və Azərbaycanın müstəqilliyi yolunda gördüyü işlər geniş ictimaiyyətə çatdırılıb. Nazir Əli bəy Hüseynzadə irsinin, onun çoxşaxəli fəaliyyətinin Azərbaycan və Türkiyə arasında mənəvi körpü, dəyər olduğunu vurğuladı. 
   Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Əli bəy Hüseynzadənin Azərbaycan və Türkiyənin “İki dövlət, bir millət” olmasının ən dolğun örnəyi olduğunu dedi. O, Əli bəyin Türkiyə Cümhuriyyətinin qurulmasında göstərdiyi xidmətlərdən danışdı, onun ideyalarının əbədi olaraq yaşayacağına inamını ifadə etdi. 
   Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk dünyasının ən böyük şəxsiyyətlərindən olan Əli bəy Hüseynzadənin əsərlərində, məqalələrində türkçülük ideyasının ana xətt olduğunu, ümumtürk mənəvi dəyərlərinin təbliğ edildiyini söylədi. Vurğuladı ki, böyük ideoloq hər zaman türklərin mədəni birliyinin yaradılmasına çalışıb, türkləri öz köklərinə bağlı olmağa çağırıb. 
   Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Əli bəy Hüseynzadənin türkçülüyə verdiyi yüksək dəyərdən söz açdı. O, çıxışında maraqlı məqama da toxundu: “Əli bəy “Bibiheybət məscidi” rəsm əsərini çəkir və durumu ağır olduğu üçün onu satışa çıxarır. Əsəri bir ingilis almaq istəyir. Bunu eşidən H.Z.Tağıyev əsəri alır və deyir: “Razı olmaram, bu əsəri bir əcnəbi alıb öz vətəninə aparsın”.
   Türkiyədən gələn qonaqlar adından professor İbrahim Yıldırım böyük türkçünün həyat və yaradıcılığı haqqında geniş məruzə söylədi. 
   Əli bəy Hüseynzadənin həyat və yaradıcılığının tədqiqatçısı Yavuz Akpınar Türkiyədə böyük mütəfəkkirin arxivinin olduğunu diqqətə çatdırdı. Ege Universitetində olan həmin arxivin bir hissəsi nəşr edilib və elektron kataloqu hazırlanır. Qeyd etdi ki, burada təqdim edilən orijinal əşyaların foto nüsxəsi Feyzavər xanımda qalıb.
   Əli bəy Hüseynzadənin qardaşı İsmayıl bəyin nəvəsi Cəmilə Hüseynzadə mənsub olduğu soy, amansız repressiya illərində doğmalarının başına gətirilən müsibətlər, hələ sovet dönəmində atasının Əli bəyin övladlarını axtarıb tapması, əlaqə yaratması, özünün də müstəqilliyin ilk illərində Türkiyəyə doğmalarını görmək üçün getməsindən bəhs etdi. 
   Təqdim olunan xatirə əşyalarının Azərbaycana gətirilməsinə yaxından yardımçı olan Əməkdar rəssam Teymur Rzayev görülən işlərlə bağlı bilgi verdi, müəllifi olduğu “Əli bəy Hüseynzadənin portreti”ni İstiqlal Muzeyinə hədiyyə etdi. 
   Nazir Əbülfəs Qarayev Azərbaycan bayrağını Feyzavər xanıma çatdırmaq üçün rəssama təqdim etdi. 
   Xalq artisti Azərinin ifasında “Çırpınırdın, Qara dəniz” mahnısıyla tədbir sona yetdi. 
   Onu da qeyd edək ki, Əli bəy Hüseynzadənin həyatda qalan tək övladı Feyzavər xanım tədbiri video bağlantı vasitəsilə izlədi, sonda iştirakçılara sayğısını ifadə etdi. 
   Xatırladaq ki, Əli bəy Hüseynzadə (1864-1940) Peterburq Universitetinin fizika-riyaziyyat, İstanbul Universitetinin hərbi tibb fakültələrində ali təhsil alıb. Həmçinin Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında oxuyub, bir sıra portret və mənzərələrin müəllifidir. Böyük mütəfəkkir müxtəlif sahələrdə çalışıb, tibbə, musiqiyə, fəlsəfəyə, tarixə, sosiologiyaya, ədəbiyyatşünaslığa dair zəngin irs yaradıb. Rəsm əsərləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır. 
   
   S.Qaliboğlu