Yubiley tədbirləri çərçivəsində teatrda Hacıbaba Bağırovun qızı Şölə Bağırovanın rəsmlərindən ibarət sərgi təşkil olunub.
Sərginin açılış mərasimində Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, aktyor Nadir Xasıyev və başqaları Hacıbaba Bağırovla bağlı unudulmaz məqamlardan söz açıb, onun yadigarı olan Şölə Bağırovaya atasına layiq övlad olmağı, yaradıcılıq uğurları arzulayıblar.
Tədbirin sonunda çıxış edən Hacıbaba Bağırovun həyat yoldaşı Arzu Bağırova mərhumun ailəsi adından Dövlət Musiqili Teatrının kollektivinə, Hacıbaba Bağırovun sənətini sevən hər kəsə minnətdarlığını bildirib: “Musiqili Teatrın rəhbərliyi hər zaman bizə diqqətlə yanaşıb. Bu gün Şölənin fərdi sərgisinin təşkil olunması da teatr rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub”.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Yubiley tədbirləri çərçivəsində vaxtilə Hacıbaba Bağırovun Məşədi İbad obrazını canlandırdığı dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” musiqili komediyası nümayiş olunub. Tamaşanın nümayişindən öncə teatrın ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı Hacıbaba Bağırovun həyat və yaradıcılığı haqqında danışıb.