İyunun 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kiçik səhnəsində Mədəniyyət və İncəsənət Universitetinin magistri, teatrın aktrisası Şəhla Əliqızının quruluş verdiyi və rol aldığı “İnsan səsi” tamaşası təqdim edilib.
Teatrın mətbuat xidmətindən bildirilib ki, fransız yazıçısı və kinorejissoru Jan Koktonun müəllifi olduğu mono-pyes əsasında ərsəyə gələn səhnə işinin rejissoru Fidan Cəfərova, bəstəkarı Rino Rhodes, səhnə tərtibatçısı Qabil Gözəlovdur.
Tamaşanın elmi rəhbəri professor İlham Rəhimli, yaradıcılıq işləri üzrə rəhbəri Əməkdar artist Fərhad İsrafilovdur.
Səhnə əsəri tənha qadının faciəsi üzərində qurulub. Sevgilisindən ayrılan qadın həsrətlə onu həyata bağlayan zəngi gözləyir. Qadının gözlədiyi zəng nəhayət gəlir və o, çətin də olsa sevgilisi ilə vidalaşır. Müəllif əsərdə atılmış qadının iztirablarını, uğursuz sevginin gətirdiyi intiharı təsvir edir.