Mayın 23-dən 29-dək Rusiyanın Vladimir şəhərində məşhur kinorejissor Andrey Tarkovskinin (1932-1986) xatirəsinə həsr olunmuş V yubiley Beynəlxalq “Ayna” kinofestivalı keçiriləcək. Azərbaycan kinofestivalda tanınmış sənədli filmlər rejissorları Şamil Əliyevin və Ziya Şıxlinskinin ekran əsərləri ilə təmsil olunacaq.
   Azərbaycanın milli bayramı - Respublika Günü ərəfəsində, mayın 27-də festivalın bir günü ölkəmizə həsr olunacaq. Həmin gün “Azərbaycan kinosu günü” devizi altında əvvəlcə Şamil Əliyevin indiyədək bir çox beynəlxalq kinofestival və müsabiqələrdə müvəffəqiyyətlə nümayiş etdirilmiş “Azərbaycan xalçası” (“Azerbaydjanskiy kovyor”) sənədli filmi göstəriləcək. Daha sonra Beynəlxalq festivalın iştirakçıları Ziya Şıxlinskinin Azərbaycanın Xalq Rəssamı Tahir Salahova həsr etdiyi “Ürəyi ilə çəkən rəssam” (“Xudojnik, risuyişiy serdsem”) sənədli filminə baxacaqlar. Ənənəyə uyğun olaraq hər ilin aprelində - rejissor Andrey Tarkovskinin ad günündə (4 aprel) “Ayna” Beynəlxalq kinofestivalının startı verilir və may ayında İvanovsk vilayətində başa çatır. Kinovestivalın proqramına daxil edilən yaradıcılıq görüşlərini, Andrey Tarkovski ilə bağlı sərgilərin açılışını və filmlərin təqdimatını əsas hadisələrlə zəngin may kinofestivalının epiqrafı hesab etmək olar.
   Bu il V “Ayna” Beynəlxalq kinofestivalının Vladimirdə keçirilməsi qərara alınıb.