İyunun 12-də Bakıda II Respublika Xalq Teatrları Festivalının final mərhələsi başladı. Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən keçirilən festivalın məqsədi xalq teatrlarının dəstəklənməsi, həvəskar yaradıcılıq kollektivlərinin potensialından istifadə edilməsi, əhalinin asudə vaxtının təşkilində rolunun artırılmasıdır.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, Xalq artisti Vaqif Əsədovun başçılıq etdiyi münsiflər heyəti aprelin 27-dən mayın 31-dək Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, Sumqayıt, Kürdəmir, İsmayıllı, Şəmkir və Masallı regional mədəniyyət və turizm idarələrində keçirilmiş seçim turunda baxdıqları tamaşaların arasından 15 tamaşanın final mərhələsində iştirakını məqbul bilib. Həmin tamaşalar iyunun 12-də və 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olundu.
Gözlənildiyi kimi, paytaxtın teatr ictimaiyyəti bu tamaşalara böyük maraq göstərirdi. M.Ə.Sabir adına Balaxanı Xalq teatrı (“Heykəl danışır” tamaşası), H.Sarabski adına Mədəniyyət evinin Xalq teatrı (“Beş manatlıq gəlin”), Nizami adına Mədəniyyət mərkəzinin Mərdəkan Xalq teatrı (“İşdə məhəbbət macərası”), Sumqayıt şəhər «28 May» Diyarşünaslıq evinin Xalq teatrının (“Dursunəli və Ballıbadı”) tamaşalarına gələnlərin çoxluğu təbii idi.
Lakin tamaşası oynanılan kollektivlərin «azarkeşləri»nin öz yerlilərini paytaxt səhnəsindən izləməyə gəlməsi həqiqətən də bölgələrdə teatr sənətinə marağın mövcudluğunu sübuta yetirir.
Məsələn, final mərhələsinin ilk günü Cəlilabad rayon Xalq teatrının «Özümüz bilərik» tamaşası zamanı salonunun dolu olması təkcə həmin bölgədə teatra marağın çox olduğunun deyil, həm də teatr sənətinə qayğının göstəricisidir.
Xalq teatrı kollektivlərinin festival üçün seçiminə gəlincə, bu seçim Azərbaycan dramaturgiyası ilə çərçivələnsə də, mövzu əsasən məşhur komediyalar ilə Qarabağ mövzusu arasında dəyişir. Əslində bu qütbləşmə də hardasa anlaşılandır: bu gün Azərbaycan tamaşaçısını güldürməklə də, onun vətənpərvərlik hisslərini coşdurmaqla da tamaşa salonunda saxlamaq mümkündür. Elə kollektivlərin müraciət etdiyi müəlliflər də klassiklər və müvafiq bölgəni təmsil edən, ya da o bölgədə daha çox tanınan yazarlar arasında dəyişir. Masallı Xalq teatrının yazıçı-dramaturq Nurəddin Ədiloğlunun “Şəhidlər anası” əsəri əsasında hazırladığı tamaşa da buna nümunə sayıla bilər. Camaləddin Əliyevin quruluş verdiyi tamaşa maraqlı səhnə dekorasiyası və aktyorların oyunu ilə diqqət çəkdi. Tamaşanın səhnə tərtibatını Tofiq Həsənov və Aysel Məmmədova verib.
Münsiflər heyətinin sədri, Xalq artisti Vaqif Əsədov ilə ayaqüstü söhbətimizdə öyrəndik ki, bu festival bir teatr rejissoru kimi onu sözün yaxşı mənasında təəccübləndirib. Bölgələrdə teatra marağın güclü olması, müxtəlif peşə sahiblərinin səhnədə özünü uğurla sınaması ümid verir ki, Azərbaycan teatrının gələcəyi parlaq, milli aktyor sənətinin potensialı isə tükənməzdir. Hətta Vaqif müəllimin təklifi ilə festivalda «Ən yaxşı rejissor işi», «Ən yaxşı aktyor» və «Ən yaxşı aktrisa» nominasiyaları təsis edilib, onların da sənət qabiliyyəti diplom ilə də olsa, fərqləndiriləcək.
Bəs qaliblər kimdir? Bu sualın cavabı bu gün, iyunun 14-də axşam saatlarında, II Respublika Xalq Teatrları Festivalının bağlanış mərasimində elan ediləcək.
Gülcahan Mirməmməd