Tanınmış rejissor Şamil Əliyevin “İz...Qala” qısametrajlı filmi mayın 15-dən 19-dək Ukraynada keçiriləcək “Xarkov payızı” III Beynəlxalq qısametrajlı filmlər festivalının əsas müsabiqəsində iştirak edəcək.
   
   Müsabiqədə 6 ölkəni - Azərbaycan, ABŞ, Fransa, Belarus, Rusiya və Ukraynanı təmsil edən 49 rejissorun filmləri nümayiş olunacaq.
   Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında çəkilmiş “İz...Qala” filmi 2010-cu ildə Kann kinofestivalında, bu ilin əvvəlində isə Nyu-Yorkda qısametrajlı filmlər festivalının əsas müsabiqəsində iştirak edib.
   Ekran əsərinin ssenari müəllifi Nadir Bədəlov, operatoru Elşən Əliyev, rəssamı Rafis İsmayılov, bəstəkarı Elmir Mirzəyevdir. Film nadir etnoqrafik-antropoloji mədəniyyət abidəsi olan Bakıətrafı Qala qəsəbəsi haqqındadır.