İyunun 16-da Bakıda "Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi, milli prioritetlər və əməkdaşlıq" mövzusunda Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı işə başlayıb.
İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova konfransda çıxış edərək ölkəmizin 80 milli və etnik qrupu təmsil edən tolerantlıq modelinin bütün dünyada təqdirlə qarşılandığını bildirib. Ombudsman bu yaxınlarda IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən Azərbaycanın dünyada tolerantlığın və multikulturalizmin inkişafına töhfələrindən danışıb.
Tədbirdə çıxış edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bu qlobal təşəbbüsə qoşulan dövlətlərin zəruri resurslara malik olması mühüm şərtdir. Müstəqillik illərində Azərbaycanın əldə etdiyi nailiyyətlər, hazırkı inkişaf səviyyəsi göstərir ki, ölkəmiz qarşıya qoyulan hədəflərə çatmaq üçün güclü potensiala malikdir.
Prezidentin köməkçisi qeyd edib ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkənin sağlam qüvvələrini, bacarıqlı, vətənpərvər və intellektual insanlarını ətrafına toplayaraq böyük vəzifələrin öhdəsindən uğurla gəldi və Azərbaycanın yüksəlişinin əsaslarını yaratdı. Onun rəhbərliyi və iradəsi ilə demokratik, hüquqi dövlətə və azad cəmiyyətə xas olan institutlar və təsisatlar, bazar münasibətlərinə əsaslanan iqtisadiyyat, ədalətli sosial siyasət formalaşdırıldı, mədəniyyət, təhsil, səhiyyə, idman və ekoloji problemlərə diqqət artırıldı. Ötən müddətdə Azərbaycan insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla da əməkdaşlığı inkişaf etdirib, bu sahədə 50-dən çox beynəlxalq sənədə tərəfdar qoşulub.
Daha sonra Milli Məclis sədrinin müavini Bahar Muradova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış ediblər.
Konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafı istiqamətində həyata keçirilən siyasətdən bəhs edib. Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində də genişmiqyaslı tədbirlərin görüldüyünü vurğulayan Ə.Qarayev bu sahədə IDEA İctimai Birliyinin həyata keçirdiyi layihələrin önəmini qeyd edib.
Diqqətə çatdırılıb ki, mədəni autentiklik (əsillik, köklərə bağlılıq) Dayanıqlı İnkişaf Məqsədlərinin əsas istiqamətlərindən biridir. Buna görə də Azərbaycan xalqının çoxəsrlik adət-ənənələrinin, mədəni-mənəvi sərvətinin qorunması və onun dünyada təbliği mühüm əhəmiyyət daşıyır. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində tarixi-mədəni irsimizin müxtəlif nümunələri BMT-nin bir sıra nominasiyaları üzrə qəbul olunub.
Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarında tarixi-mədəni irsimizi məhv etdiyini diqqətə çatdıran nazir bildirib ki, bundan fərqli olaraq ölkəmizdə etnik və dini azlıqlara dair mədəniyyət abidələri dövlət səviyyəsində qorunur. Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin təmin olunması sahəsində beynəlxalq əməkdaşlığa mühüm töhfə verdiyini qeyd edən Ə.Qarayev bu xüsusda Prezident İlham Əliyevin təşəbbüsü ilə başladılan “Bakı prosesi”nin önəmini vurğulayıb.
Açılışdan sonra konfrans plenar iclas və sessiyalarla işini davam etdirib.