«Nərimanfilm» kinostudiyasının “Gürcüstanfilm” və “Baqirafilm” (Gürcüstan) studiyaları ilə birgə çəkdiyi «Sahə» bədii filmi «Park Sinema»da nümayiş olunacaq. Kinostudiyadan verilən məlumata görə, mayın 19 və 20-də «Park Sinema» kinoteatrında bu filmi istəyən hər bir şəxs izləyə biləcək.
   Qeyd edək ki, İlqar Safatın ekranlaşdırdığı film Azərbaycan və Gürcüstan studiyalarının birgə istehsalıdır. Mədəniyyət və Turizm Nazirliyi və “Paşa Bank”ın dəstəyi ilə çəkilən film 2010-cu ildə «Xarici dildə ən yaxşı film» kateqoriyasında 83-cü “Oskar” mükafatı uğrunda mübarizəyə qatılmaq üçün irəli sürülmüşdü. Ekran əsərində əsas rollardan birini ifa edən Timur Oduşev mart ayında ABŞ-da nüfuzlu mükafata - “Hollivudun Gənc Aktyorlar Mükafatı”na (“Hollywood Young Artists Award”) layiq görülüb.
   Film bu yaxınlarda Moskvada keçirilən XIII beynəlxalq detektiv filmlər festivalının (“DetektivFest”) xüsusi mükafatını qazanıb.   

  Gülər