Layihə çərçivəsində dəyirmi masa keçirilib
“Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə gerçəkləşdirdiyi “Sosial şəbəkələrdən faydalanmağın təbliği ilə vətəndaş cəmiyyəti quruculuğuna dəstək” layihəsinin sonuncu dəyirmi masası Qusar rayonunda keçirilib.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kəmalə Qlıçova bildirib ki, sosial şəbəkələr vətəndaşların ictimai həyatda fəallığını təsdiqləyən mühit olaraq, bəzən mənfi cəhətlər də doğurur. Odur ki, bu mövzuda müzakirələr əhəmiyyət kəsb edir.
İctimai birliyin sədri Əvəz Rüstəmov layihənin məqsəd və vəzifələri barədə məlumat verib. Qeyd edib ki, ölkədə internetin geniş zəmin tapdığı indiki şərait söz və ifadə azadlığı baxımından pozitiv məqamdır. Bununla belə, çalışmaq lazımdır ki, fərdlərin sosial şəbəkələrdən istifadəsi cəmiyyətin mənafeyinə zidd olmasın. Xüsusilə ekstremal situasiyalar zamanı sosial şəbəkələrdə yaradılan ictimai rəy mənfi fəsadlar doğura bilir.
Layihənin eksperti, “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə bildirib ki, qeyd olunan tendensiya dünyanın bir çox ölkələri üçün də xarakterikdir. Bu məsələdə qanunvericilik tədbirləri ilə yanaşı, bu cür ictimai diskussiyaların, toplantıların da mühüm təsir gücü var.