17 iyun - Azərbaycanda səhiyyə işçilərinin peşə bayramıdır. Bu münasibətlə istədik ki, milli dramaturgiyamızdakı həkim obrazlarına, ötəri də olsa, nəzər salaq. Çox axtardıq, çox vərəqlədik, amma tapdığımız məşhur həkim obrazlarının sayı az, maraqlı surətlər qalereyası isə kiçik oldu. Əslində müəlliflərin yaratdıqları bütün obrazlar hansısa peşə, sənət sahibi olur. Lakin bu mənsubiyyətin onların əsərdə təsvir edilən davranışına, əsərin qayəsinə uyğunluğu bizi daha çox maraqlandırdığından seçim imkanımız daraldı. Bu səbəbdən başlayaq Mirzə Cəlilin yaratdığı Doktor Lalbyuzdan.
Dilini bilmirsənsə, dərdini haradan tapacaqsan?
Cəlil Məmmədquluzadənin səhnə taleyi digər pyesləri qədər uğurlu olmayan "Dəli yığıncağı" tragikomediyasında Doktor Lalbyuz adlı əmiristanlı (bunu amerikalı, ingiltərəli kimi də yozmaq olar) psixiatr obrazı var. Azərbaycan dilində bu həkimin soyadını iki sözə ayırıb yumşaldıcı "y" samitini çıxdıqda maraqlı bir nəsnə alınır: lal və buz! Guya dəliləri sağaltmaq üçün dəvət edilmiş həkim öz pasiyentlərinin dilini bilmir, üstəlik, özü də onların gününə düşməsin deyə, xəstələrinə münasibətdə maksimum soyuqqanlılıq nümayiş etdirir. Bəlkə də həmin psixiatr freydizmin əsl təbliğatçısı, Yunqun inadkar ardıcılıdır, amma çifayda?! Mirzə Cəlilin təbirincə desək, zira bir xəstə cəmiyyətin mərəzini anlayıb ona şəfa çarəsi tapmaqdan ötrü gərəkdir ki, təbib də həmin qövmün içindən çıxa! Amma Doktor Lalbyuz dəvət aldığı qövmə bələd deyil, şəhər əhlinin danışdığı dildə bildiyi söz də "dali" (yəni, dəli) kəlməsidir, çarə tapmalı olduğu insandan lüğətə baxıb soruşduğu "sənin ad nə?" sualıdır.
"Dəli yığıncağı"nın səhnə taleyi ilə teatra dair kitablarda xeyli araşdırma aparsaq da, 1978-ci ildə Akademik Dram Teatrında Mehdi Məmmədovun quruluşuna qədər elə bir yaddaqalan səhnə versiyası barədə məlumata gəlmədik. Olsun ki, hakim sovet ideologiyası da keçmiş rus imperiyasının mənəvi davamı kimi əsərdə bütün cəmiyyətin dəli olaraq təqdimatını məqbul saymadığından bu pyes bir növ “dissident”ə çevrilib.
Xoşbəxtlikdən, bu sətirlərin müəllifi "Dəli yığıncağı" tamaşasını həm səhnədən, həm də videoyazı versiyasından izləyib. 70-ci illərinin sonunda "Dəli yığıncağı"nın salona ötürülən məramını və Mehdi Məmmədovun səhnə estetikasını anlayacaq yaşda olmasam da, həmin tamaşada İsmayıl Osmanlı, Hamlet Xanızadə, Səməndər Rzayev, Şəfiqə Məmmədova kimi aktyorların mükəmməl ifasını hiss edirdim. Bu yerdə mərhum aktyorumuz Hamlet Qurbanovun Lalbyuz rolundakı çıxışını xatırlamağa dəyər. Aktyorun iri mavi gözlərinə donuq, biganəlik ifadəsi çökdürərək səhnədə görünməsi, sözsüzlüyünü üz cizgiləri və baxışları ilə oynaması Mirzə Cəlilin demək istədiklərinin əksi idi.
Hazırda Gəncə Dövlət Dram Teatrının repertuarındakı "Dəli yığıncağı" komediyası dramaturqun məramından fərqlidir. Quruluşçu rejissor İradə Gözəlova tamaşadakı ağırlıq mərkəzini məhz doktor Lalbyuzun üzərinə keçirib, aktyor İlham Hüseynov da zahirən elə şəfasını tapmalı olduğu qövmlə eyni görkəmdə çıxır. Amma çifayda? Cəmiyyəti sağaltmaq üçün onunla həmrəng, həmlibas yox, onunla həmdərd olmaq gərəkdir.
"Ağxalatlı qız", yoxsa "Göz həkimi"?
Akademik Dram Teatrının salnaməsində maraqlı bir qeyd var. 1952-ci il sentyabrın 19-da teatrda İslam Səfərlinin "Ağxalatlı qız" pyesinin oxunuşu olub. Və... növbəti qeyd 1955-ci ilin fevralına aiddir. Ayın 26-da teatrda Əliheydər Ələkbərovun quruluşunda "Göz həkimi" tamaşasının premyerası keçirilib. Dövrünün gözəl aktyorlarının - Məmmədrza Şeyxzamanov, Həsənağa Salayev, Sofa Bəsirzadə, Fatma Qədri, Leyla Bədirbəyli, Mirvari Novruzova və Möhsün Sənaninin rol aldığı həmin tamaşa - tibb bacısı Gülər ilə sürücü Həsənağanın sayəsində güclü komik elementləri olan sənət və ailə münasibətlərinin bir-biri ilə üzvü surətdə çulğalaşdığı dram idi. Lakin deyə bilərik ki, "Göz həkimi"nin yazıldığı illər Azərbaycanda oftalmologiyanın elmi-nəzəri və praktiki yüksəlişi dövrünə təsadüf edir. Şair-dramaturq İslam Səfərlinin də o illərdə gənc və cəsarətli elmi axtarışları ilə tanınan göz həkimi, sonralar akademik səviyyəsinə yüksələcək Zərifə xanım Əliyeva ilə görüşdüyü, ondan göz xəstəliklərinin aktual problemləri barədə elmi məsləhət aldığı məlumdur.
Professor Şahbazov məşhur göz cərrahıdır, amma öz gənclik nailiyyətlərinə arxalanaraq yenilikləri qəbul etməyən bir alimdir. Bu üzdən də tələbəsi və gələcək gəlini İradənin elmi yenilikləri ailə bağlarından üstün tutmasına dözə bilmir. Şahbazovun oğlu Raufa "Sən atana ağ olan bir qızı sevməməlisən!" tələbi də göstərir ki, professor təkcə elmdə yox, həyatda da geri qalıb. İlk quruluşda Şahbazov rolunda Məmmədrza Şeyxzamanov, İradə rolunda isə Sofa Bəsirzadə oynayıb. Maraqlıdır ki, 1980-ci ildə Lütfi Məmmədbəyov "Göz həkimi"nin televersiyasını (televiziya rejissoru - Tariyel Vəliyev) hazırlayarkən Sofa xanıma dosent, vicdanlı həkim, İradənin himayədarı Nina Nikolayevna obrazını həvalə edib. İradəni də, Nina Nikolayevnanı da birləşdirən əsas cəhət bu həkim xanımların öz işinə sədaqəti və məsuliyyəti ilə həmkarlarından seçilməsidir.
Tibb bacısı Gülər - sürücü Həsənağa xətti isə elə ilk quruluşdan geniş tamaşaçı rəğbətini qazanmışdı. Əvəzsiz Möhsün Sənani ilə Mirvari Novruzova (onun dublyoru Məhluqə Sadıqova olsa da, həmin tamaşanın yadigar lentlərində Gülər rolunda Ətayə Əliyevanı görürük) tandemi "Göz həkimi"nin uğurunu təmin edən üstün cəhət idi. Bir neçə ay ərzində tamaşa 50 dəfə oynanılmışdı. Əsərin televiziya versiyasında isə Bürcəli Əsgərov (Şahbazov), Vəfa Fətullayeva (İradə), Rafael Dadaşov (Rauf), Yaşar Nuriyev (Həsənağa), Firəngiz Mütəllimova (Gülər) çıxış edirlər.
Bir teatrda "İkinci səs", o birisində "Hicran"
1968-1969-cu teatr mövsümündə Akademik Dram Teatrında Bəxtiyar Vahabzadənin "İkinci səs" psixoloji pyesi tamaşaya qoyuldu. Əsərdə məslək-şəxsi münasibət arasında çırpınan həkim Arzunun həyat hekayəsi bir neçə rakursdan təqdim edilir. Sevdiyi kişinin - Rəşadın həyat yoldaşı Həyatı Arzu müalicə etməli olur. Ərinin biganəliyi üzündən iztirabları fizioloji ağrılara keçən zavallı və hər şeydən xəbərsiz Həyat isə bütün gümanlarını öz həkimi ilə bölüşür. Tamaşaya Əşrəf Quliyev quruluş verir, əsas rollarda Həsənağa Salayev, Səməndər Rzayev, Leyla Bədirbəyli, Hökümə Qurbanova, Məhluqə Sadıqova, Şəfiqə Məmmədova və Hamlet Qurbanov çıxış edirlər. Bu tamaşa uzun illər repertuarda qalır, sonralar isə "Kimdir haqlı?" adı ilə yenidən səhnəyə qoyulur.
Bəxtiyar Vahabzadə ilə təxminən eyni vaxtda - milli dramaturgiyamızın digər janrında uğur qazanan Sabit Rəhman da titul qəhrəmanı həkim qız olan "Hicran" pyesini yazır. Amma bu əsəri səhnədə görmək ona nəsib olmur. Bəstəkar oğlu Emin Sabitoğlu "Hicran" musiqili komediyasını bir qədər sonra bitirir və əsər 1972-1973-cü mövsüm ilində səhnələşdirilir. Bu tamaşa Azərbaycan teatrında ən çox oynanılan və sevilən komediyalardan biridir. İstər xarakter, istərsə də ifa baxımından Qızbacı-Dadaşbala-Mitoş üçlüyü digər hadisə və iştirakçıları kölgədə qoysa da, hər halda əsərin baş qəhrəmanı Hicrandır. Anlaşılmazlıq üzündən sevgilisindən aralı düşən, “təcili yardım" həkimi olaraq çağırışa gəldiyi mənzildə təsadüfən sevdiyi oğlanı tapan və ona qovuşan həkim qız! Deməli, həkim qədər ciddi sənət sahibi də məzəli səhnə əsərinin qəhrəmanı ola bilərmiş... Bütün həkimlər peşəsinin əzabını çəkmir ki!...
Pasiyentə həsəd aparan həkim...
Həyatda öz xəstəsinə ciddi-ciddi həsəd aparan həkim görmüsünüz?.. Qəliz sualdır. Amma səhnədə... Bir neçə il öncə Milli Dram Teatrında Xala yazıçısı Elçinin "Şekspir" komediyası tamaşaya qoyuldu. Bir psixiatriya klinikasının tibb personalı - Baş həkim, Həkim və Sanitar xəyal aləmində yaşayan, ətrafdakı insanlar üçün zərrəcə qorxulu olmayan "xəstələri" heç cür anlaya bilmir, deməli, həm də onları sağalda bilmirlər. Dəli damğası vurulmuşlar da əslində müalicə olunmurlar: çünki dərmanları qəbul etmir və bunu da hər kəsdən məharətlə gizlədirlər. Əsərin qayəsi nədir? Psixiatriya elmi hələ belə "dəliləri" anlayıb sağaltmağa qadir deyil, üstəlik, onları sağaltmaq istəyənlərin özü - xüsusilə də Baş həkim bu dünyadan baş götürüb qaçmaq istəyir. Drob-13 isimli "xəstə"nin yadplanetli olmasına dair israrları düz çıxandan sonra Baş həkim özü onun ardınca gələn "boşqab"a minib bu dünyadan qaçmaq istəyir.
* * *
Qəribədir, deyilmi? Azərbaycan teatrının həkim personajlarının ilki - bu cəmiyyətə yad bir ünsür, onu dərk etməyən psixiatr Lalbyuz, hələlik sonuncusu da bu dünyanın düzənindən bezən psixiatr Baş həkimdir. Digər tərəfdən, "Şekspir" pyesinin Azərbaycandan kənarda da səhnələşdirildiyini nəzərə alsaq, bu problemin ümumbəşəri olduğunu qəbul etməyimiz gərəkdir.
Hər halda bütün bunlar bizi Azərbaycanın səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik etməyimizə mane olmur. Ola bilsin ki, səhnədə həkim obrazı istədiyiniz qədər deyil. Əsas odur ki, həyatda sevimli, etibarlı həkimlər çox olsun.
Bayramınız mübarək!
Gülcahan Mirməmməd