Xalq artisti Məhərrəm Haşımovun kompozisiya bacarığı bu gün də sənət tədrisində öyrənilir
   
   Teatr sənəti tariximizdə sənətsevərliyi, fədakarlığı ilə seçilən və sevilən rejissorlarımız çox olub. Xalq artisti Məhərrəm Haşımov da həyatını Azərbaycan səhnə sənətinin inkişafına həsr edən novator rejissor kimi tanınıb. 
   Məhərrəm Kazım oğlu Haşımov 2 fevral 1912-ci ildə Bakıda dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutuna qəbul olunur. 1936-cı ildə ali təhsilini başa vurub Bakıya dönür. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işə başlayır. Qısa vaxt ərzində yenilikçi kimi diqqəti çəkir. F.Şillerin “Qaçaqlar”, C.Cabbarlının “Oqtay Eloğlu” əsərlərini uğurla səhnələşdirir. 
   M.Haşımovun fəaliyyətinin uzun bir dövrü Azərbaycan Dövlət Rus Dram Teatrı ilə bağlıdır. O, 1948-ci ildə bu sənət ocağına direktor təyin olunur. Fasilələrlə 20 ildən artıq burada çalışır. Rus Dram Teatrının səhnəsi onun rejissorluq məharətinin hərtərəfli inkişafı üçün sənət meydanına çevrilir.
   O, bu teatrda İ.Qasımovun “Xəzər üzərində şəfəq”, C.Cabbarlının “Aydın”, M.Lermontovun “Maskarad”, B.Şounun “Milyonçu qadın”, V.Rozovun “Ənənəvi toplantı”, N.Hikmətin “Damokl qılıncı” və digər tamaşalara quruluş verir. Rejissorun peşəkarlığı yüksək qiymətləndirilir. M.Haşımov və yaradıcı heyət 1951-ci ildə “Xəzər üzərində şəfəq” tamaşasına görə SSRİ Dövlət mükafatına layiq görülür. 
   M.Haşımov həmçinin SSRİ və dünya klassikası nümunələri əsasında hazırladığı səhnə əsərlərinə görə 1969-cu ildə M.F.Axundzadə adına respublika mükafatı ilə təltif olunur.
   Rejissor 1951-1956-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında, 1960-1965-ci illərdə isə “Azərbaycanfilm” kinostudiyasında direktor vəzifəsində çalışıb. 
   Onun “Azərbaycanfilm”də direktor olduğu vaxtlarda görkəmli rejissorların çəkdiyi “Koroğlu”, “Səhər”, “Bizim küçə”, “Telefonçu qız”, “Əhməd haradadır?”, “Möcüzələr adası”, “Romeo mənim qonşumdur”, “Sehrli xalat”, “Ulduz” və başqa bədii filmlər ekranlara vəsiqə alıb. O, həmişə sənətkarlarla bir yerdə çəkiliş meydanlarında olub.
   Mədəniyyətşünas Polad Zeynalov sənətkarla bağlı araşdırmasında yazır ki, M.Haşımov 1966-cı ildə yenidən mənən bağlı olduğu Dövlət Rus Dram Teatrına qayıdır, baş rejissor kimi fəaliyyət göstərir. Mütəxəssislər onu kompozisiya bacarığına görə nadir istedad sahibi kimi səciyyələndiriblər. Bu gün də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində onun sənətini öyrənir və təcrübəsindən bəhrələnirlər.
   Böyük arzularla yaşayan, daim yeniliyə can atan Xalq artisti M.Haşımov Azərbaycan teatr sənətinin çiçəklənməsində fədakarlıq göstərib. Mənalı və zəngin ömür yolu keçən tanınmış sənətkar 2 may 1969-cu ildə, 57 yaşında vəfat edib.
   
   Savalan Fərəcov