Səyyar seminar-treninq başlayıb
Mədəniyyət və turizm nazirinin 6 iyun 2017-ci il tarixli əmrinin icrası ilə əlaqədar Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi İsmayıllı regional mərkəz olmaqla Ağsu, Şamaxı, Qobustan, Qəbələ rayonlarını əhatə edən abidə mühafizəçiləri üçün “Tarixi abidələr bu gün və sabah: mühafizə problemləri” mövzusunda səyyar seminar-treninq təşkil edib.
İyunun 20-də səyyar seminar-treninqin açılışında mərkəzin direktoru Ramazan Şabanov, İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov çıxış edib.
Seminar-treninqdə əhatə olunan rayonlar üzrə 33 nəfər abidə mühafizəçisi iştirak edir. Treninqin mövzuları “Mədəniyyət haqqında” qanundan irəli gələn məsələləri əhatə edir və yerlərdə maddi və qeyri-maddi mədəni irsin qorunması, bərpası, turizmin inkişafı məsələlərinə həsr olunub.
Treninqi mərkəzin müəllimi Arif Əliyev, Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşı İqbal Aslanlı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları İdris Əliyev, Xəqani Alməmmədov və digər mütəxəssis-müəllimlər aparır.
Treninq 24 iyun tarixinə qədər davam edəcək.