Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin “28 May” Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən Xalq teatrı iyunun 12-14-də Bakıda keçirilən II Respublika Xalq Teatrları Festivalının final mərhələsində III yerə layiq görülüb, diplom və xatirə hədiyyəsi ilə mükafatlandırılıb.
Həvəskar kollektiv festivalda S.M.Qənizadənin “Dursunəli və ballıbadı” məzhəkəsini təqdim edib. Əsərdə ağa ilə nökərin məzəli münasibətlərindən, bir ağanın digər ağaya göndərdiyi ballıbadıdan söhbət açılır.
Maraqla qarşılanan tamaşanın rejissoru Amil Babayev, rəssamı Aytən Xanəliyeva, musiqi tərtibatçısı Kazım Əsgərov, dekorasiyaçı Rəşid Qocayevdir. Rolları Amil Babayev, Cəlal Məcidov, Elmir Əliyev, Günel Cəfərova, Əzizə Əmrahova oynayıb.
Xatırladaq ki, “28 May” Mədəniyyət evinin Xalq teatrı 17 illik fasilədən sonra fəaliyyətini 2016-cı ildə bərpa edib və ötən müddətdə üç səhnə əsəri ilə tamaşaçılar qarşısında çıxış edib.