Festivalın qalibləri mayın 22-də bəlli olacaq
Dünyanın ən məşhur kino müsabiqələrindən olan Kann festivalı 64-cü dəfə qaliblərini elan etməyə hazırlaşır. Mayın 12-də start götürən festival mayın 22-də yekunlaşacaq.
Festivalda ümumilikdə 33 ölkədən 49 filmin nümayişi nəzərdə tutulub. Bu ekran əsərlərində Türkiyədən tanınmış rejissor Nuri Bilgə Ceylanın “Bir zamanlar Anadoluda...” filmi də var. Filmdə baş rolları Muhammet Uzuner, Yılmaz Erdoğan, Taner Birsel və Ahmet Mümtaz Taylan ifa edirlər. Film həkim və prokurorun 12 saat davam edən həyat hekayəsindən bəhs edir. Ötən illərdə Kann kinofestivalından üç mükafat almış Ceylan bu il “Bir zamanlar Anadoluda...” filmi ilə “Qızıl palma budağı” uğrunda mübarizə aparır. Onun rəqibləri arasında Pedro Almodovar, Nanni Moretti, Dardenn qardaşları, Aki Kaurismaki və s. tanınmış rejissorlar var.
Ümumilikdə “Qızıl palma budağı” uğrunda 20 film yarışır: Nicolas Vinding Refnin “Sürmək”, Nanni Morettinin “Keşişimiz var”, Naomi Kavasin “Hanezu”, Josef Sedarın “Hearat Shulayım”, Bertrand Bonellonun “Bir evin xatirələri, Pedro Almodovarın “Özümü tapdığım bədən”, Radu Mihailinunun “Qadınların qaynağı”, Jan-Pyer və Luk Dardenn qardaşlarının “Velosipedli uşaq”, Lars Fon Trierin “Melanxoliya”, Culia Leyin “Yatmış gözəl”, Mişel Hazanavısiusun “Rəssam” və s.
Qeyd edək ki, indiyədək Kann kinofestivalının baş mükafatı ən çox - 18 dəfə Amerika kinematoqrafçılarına qismət olub. İtaliya filmləri 12, Fransa 10, Böyük Britaniya 9 dəfə festivalın qalibi olub. Bundan əlavə, Yaponiya, Danimarka, İsveç, Sovet İttifaqı (1946-cı ildə Fridrix Ermlerin “Böyük dönüş”, 1957-ci ildə Mixail Kalatozovun “Durnalar uçur” filmləri), Almaniya, Yuqoslaviya və Belçika filmləri Kannda baş mükafatı qazanıblar. “Qızıl palma budağı”na cəmi iki sənədli film (rejissor Jak-İv Kusto və Lui Malın “Sükut dünyasında” (Fransa, 1956), Maykl Murun “Farengeyt 9/11” (ABŞ, 2004) filmləri) layiq görülüb. Bill Auqust, Frensis Koppola, Jan-Pyer və Luk Dardenn, Sexey İmamura, Emir Kusturitsa və Alf Şeberq 2 dəfə “Qızıl palma budağı” almış rejissorlar kimi Kann festivalı tarixinə adlarını yazıblar. Bir çox məşhur rejissorlar festivalda dəfələrlə iştirak etsələr də, qalib adını qazana bilməyiblər. Bu sırada Karlos Saura Atares, Jan Luk Qodar, Andre Teşine, Ceyms Ayvori, Marko Ferreri və başqalarını qeyd etmək olar.
Festivalın builki fəxri mükafatı “1900”, “Parisdə son tanqo”, “Sonuncu imperator” filmlərinin rejissoru Bernardo Bertolucciyə təqdim olunub.
Onu da qeyd edək ki, festival çərçivəsində Azərbaycan pavilyonunda ölkəmizə dair reklam materiallarının nümayişi olub. Bu barədə növbəti sayımızda ətraflı məlumat verəcəyik.
Yeganə