Azərbaycan vətəndaşlarının turist səfərlərinə ilin hər fəslində maraq göstərməsinə baxmayaraq, yay aylarında bu səyahətlər xüsusilə artır. Minlərlə insan istirahətini xarici ölkələrdə keçirir. Onların böyük əksəriyyəti istirahəti rahat başa vurub geri qayıtsa da, xoşagəlməz hallarla qarşılaşanlar da olur. Kimi səyahət zamanı xəstələnir, zədələnir, başqa birisi çantasını, yaxud sənədlərini itirir. Belə hallarda köməyimizə yalnız səyahət sığortası gələ bilər.
Səyahət sığortası nədir?
Səyahət sığortası vətəndaşın ölkədən kənarda istirahəti zamanı yaşana biləcək hadisələrdən sığortalanmasını, maddi, mənəvi zərərin ödənilməsini nəzərdə tutur. Səyahət sığortası üzrə sığorta ödənişi bir sıra hallar üzrə həyata keçirilə bilər. Bura sığorta olunanın ölkə daxilində və ölkədən xaricə səfər zamanı xəstələnməsi halında xərclərin tam və ya qismən ödənilməsi, bədbəxt hadisə nəticəsində sağlamlığın pozulması ilə əlaqədar zəruri tibbi xərclərin ödənilməsi, sığorta müqaviləsində nəzərdə tutulmuş səfər zamanı ortaya çıxan digər itkilərinin əvəzinin tam və ya qismən ödənilməsi daxildir.
“Turizm haqqında” mövcud (4 iyun 1999-cu il tarixli) qanunun 13-cü maddəsinə əsasən, turistlərin qəflətən xəstələnməkdən və bədbəxt hadisələrdən sığortalanması nəzərdə tutulub. Sığorta şəhadətnaməsi Azərbaycan dilində və turistlərin getdiyi ölkənin və ya ölkələrin dövlət dilində tərtib olunur. Qanunun 12-ci maddəsində qeyd edilib ki, yoluxucu xəstəliklər təhlükəsi olan ölkəyə (yerə) göndərilən turistlər beynəlxalq tibbi tələbatlara müvafiq surətdə lazımi tibbi yoxlamadan keçməli və təhlükəli yoluxucu xəstəliklərə qarşı peyvənd olunmalıdırlar.
Sığorta şirkətlərindən verilən məlumatlara görə, Azərbaycandan xaricə gedənlər ən çox əyləncə mərkəzlərində zədələnirlər. Səyahət edənlər səfər zamanı aldıqları hər hansı xəsarətə, hətta günvurmaya görə də onlara sığorta ödənişi edilir. Belə hallarda tibbi yardımın xərcini sığorta şirkəti ödəyir. Elə buna görə də səyahətə gedərkən hər bir turist səyahət sığortası ilə sığortalanmağa diqqət yetirməlidir.
Səyahət edən şəxsə dəymiş zərər necə ödənilir?
Xarici ölkələrdə turistin sığortası ilə sığorta şirkətinin həmin ölkədəki tərəfdaşı məşğul olur. Bu tərəfdaşın əlaqə vasitələri sığorta müqaviləsində göstərilir. Bununla belə müştərilər səyahət sığortası edərkən bəzi məsələlərə diqqət yetirməlidirlər. Məsələn, sığorta şirkəti ilə əvvəlcədən dəqiqləşdirmək lazımdır ki, hadisə baş verəndə kiminlə əlaqə saxlamaq lazımdır. Bəzi sığorta şirkətləri tələb edir ki, hadisə baş verən zaman onların “qaynar xətt”inə müraciət edilsin. Əks halda ödəniş edilmir. Bundan başqa, bəzi şirkətlər tələb edir ki, xəstəxanada çəkilən bütün xərclər sığorta şirkəti və onun həmin ölkədəki tərəfdaşı ilə razılaşdırılsın. Bütün bu məsələləri nəzərə almaq lazımdır.
Turist səfərlərinə çəkilən xərclə müqayisədə səyahət sığortasına ödəniləcək məbləğ cüzidir. Qiymətin konkret məbləği səyahətçinin hansı ölkəyə getməsindən, səfərin məqsədindən, müştərinin yaşından və səfərin müddətindən asılıdır.
Bundan başqa, sığorta haqları turistlərin hansı qrupa aid olmalarından asılıdır. İdmançılar, yaşlı və ahıl insanlar, ağır iş arxasınca gedən şəxslərə (şaxtada, tikintidə işləmək üçün) və alpinistlər üçün sığorta haqları sadə turistlərə nisbətən yüksək olur. Onların riskləri böyük olduğuna görə, sığortaya görə də daha çox pul ödəməli olurlar.
Digər könüllü sığorta növlərində olduğu kimi, səyahət sığortasında da azadolma məbləği tətbiq olunur. Adətən bu məbləğ 50 dollar civarında olur. Yəni bu həddə qədər xərcləri turist özü çəkməli olur.
Səfər edənlər üçün daha bir məsləhət
Turistlər səfər zamanı dəymiş zərərə görə çəkdikləri xərclərin qəbzlərini saxlamalıdırlar. Bu, ödəniş etmək üçün çox vacibdir. Azərbaycanda səyahət sığortası könüllü sığorta növü olsa da, bəzən bu, məcburi xarakter də daşımalı olur. Belə ki, Avropa İttifaqı ölkələrinə, o cümlədən Amerika Birləşmiş Ştatlarına səfər edənlər səfirlikdən viza almaq üçün mütləq səfər sığortası etdirməlidirlər. Əks halda turistə viza verilmir. Özü də bu ölkələr üzrə sığorta turistin səfər müddətindən 2-4 gün artıq olmalıdır. Tutaq ki, turist 7 gün səyahət edəcəksə, 11 günlük sığorta almalıdır, 2 gün əvvəldən, 2 gün də sonradan. Azərbaycanla həmsərhəd olan Gürcüstan, Rusiya, həmçinin digər MDB ölkələrinə səfər edənlər üçün səyahət sığortasının olması vacib deyil. Bu ölkələr Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq etmədiyi üçün turistlərin sığortalanmasını da tələb etmir. Buna baxmayaraq, hansı ölkəyə səfər etməyinizdən asılı olmayaraq sığortalanmaq önəmli məsələdir. Çünki heç kim xoşagəlməz hallarla üzləşməkdən sığortalanmayıb.
Fariz Hüseynov