Formula-1 Azərbaycan Qran-prisi dünya mətbuatının diqqətində
İyunun 23-25-də Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-prisi dünyanın kütləvi informasiya vasitələrinin diqqətindədir.
Britaniya mətbuatında yarışlar barədə yazılara geniş yer verilib. Aparıcı idman kanallarında, informasiya portallarında Bakıda keçiriləcək Formula-1 yarışması haqqında xəbərlər yayımlanır. “Clubcall” xəbər saytında yerləşdirilən yazıda yarışa hazırlıq prosesindən bəhs edilir. Qeyd olunur ki, Bakının küçələri möhtəşəm həftəsonu üçün tam hazır vəziyyətə gətirilib. Yarışı izləyəcək tamaşaçılar şəhərin tarixi və mədəniyyət abidələrini də yaxından seyr etmək imkanı əldə edəcəklər.
Britaniyanın “Skysport” portalı “McLaren” klubunun Formula-1 Azərbaycan Qran-prisinə hazırlığından yazıb. Məqalədə komandanın müxtəlif dövrlərdə fərqli yarışlarda uğurla çıxış etdiyi qeyd olunub.
“Sportsmole” onlayn nəşrində Bakıda yarışacaq bolidlərin mühərriklərində yeniliklərin olacağı barədə məlumat yerləşdirilib. Yazıda bununla bağlı “Honda” şirkətinin avtonəqliyyat bölməsinin rəhbəri Yusuke Haseqavanın fikirləri diqqətə çatdırılıb.
“Motorsportweek” saytında “McLaren” komandasının pilotu Fernando Alonsonun fikirlərinə yer verilib. Yarışa yüksək əzmlə hazırlaşdığını qeyd edən F.Alonso deyib: “Biz Bakıya qətiyyətlə gedirik. Lakin bu, heç kimə sirr deyil ki, bu həftəsonu bizi çətin mübarizə gözləyir. Lakin biz mübarizə aparmağa hazırıq”.
F.Alonso Bakını Formula-1 yarışlarına ev sahibliyi etmək üçün əla seçim adlandırıb. O, iştirakçıları maraqlı yarışın gözlədiyini deyib: “Bakı möhtəşəm şəhərdir. Keçən il ilk dəfə olaraq Qran-priyə ev sahibliyi edən Bakının uğurundan sonra burada yenidən yarışmağı səbirsizliklə gözləyirəm. Azərbaycan Qran-prisinin səfiri olaraq öz yoldaşlarıma və həmkarlarıma nisbətən orada daha çox vaxt keçirmişəm. Deyə bilərəm ki, Bakı Formula-1 yarışlarına ev sahibliyi etmək üçün əla seçimdir. Biz qədim tarixi şəhərin mərkəzi küçələrində yarışarkən İçərişəhərin qala divarları yeni idman məkanında bu yarışa mükəmməl ab-hava gətirir. Kanadada ilk xalımızı qazanmağa çox yaxınlaşdıqdan sonra və bir qədər yorğunluqdan əziyyət çəkməyimizə baxmayaraq, Bakıya əzmlə yollanırıq. Bakı trekinin dar döngələri, yüksək sürət tələb edən düzlüklər işimizi çətinləşdirəcək. Ancaq mümkünsüz heç nə yoxdur və biz həmişə olduğu kimi mübarizə aparacağıq. Bakı şəhər halqası Formula-1 təqvimindəki ən sürətli şəhər trekidir və pilotlar üçün yüksək sürətlə dar küçələrdən keçmək inanılmaz dərəcədə həyəcanvericidir”.