Səmərqənddə Azərbaycan mədəniyyəti günləri çərçivəsində nümayiş olunub
   
   Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi və təşkilatçılığı ilə Səmərqənddə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində şəhərin Mərkəzi park-bulvarında “Azərbaycan milli libasları - Qarabağ geyimləri”nin dəb sərgisi keçirilib.
   Tədbirdə AMM-in direktoru Samir Abbasov ölkəmizin mədəni zənginliyi, qədim yurdumuz olan Qarabağın mədəni irsi, o cümlədən geyim mədəniyyəti barədə danışıb.
   “Qarabağ” şikəstəsinin sədaları altında Ə.Nəvai adına Səmərqənd Dövlət Universitetinin tələbələri AMM-nin milli geyimlər kolleksiyasına aid Qarabağın qadın və kişi libaslarını nümayiş etdirib, bu geyimlərin özünəməxsusluğu haqqında geniş məlumat verilib.
   Qarabağ xanlarının dövrünə aid zəngin qadınların libasları, şənlik geyimləri, gənc Qarabağ bəylərinin mərasim geyimləri, habelə toy libasları nümayiş etdirilib. Milli ornamentlərlə, daş-qaşlarla bəzədilmiş Qarabağ zadəgan geyimləri, həmçinin Azərbaycan milli kəlağayıları dəb sərgisinə xüsusi rəng qatıb.
   Sərgidə nümayiş etdirilən hər bir geyim haqqında xüsusi məlumat verilib, onun xüsusiyyətlərini, xalqımızın mədəniyyətini, tarixini özündə əks etdirməsinə dair faktlar diqqətə çatdırılıb.
   Tədbirin sonunda Daşkənddəki R.Qliyer adına İxtisaslaşmış akademik musiqi liseyinin tələbə və şagirdləri Qarabağa həsr olunmuş musiqilər ifa ediblər.
   AMM-in nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının çıxışları da alqışlarla qarşılanıb.
   Tədbirə Səmərqənd şəhər Hakimiyyəti, Səmərqənd Dövlət Universiteti, Özbəkistandakı səfirliyimiz və bu ölkədəki Azərbaycan Diaspor Təşkilatı dəstək göstərib. Özbəkistan mətbuatı, Səmərqənd şəhərinin yerli televiziya kanalları dəb sərgisindən reportajlar hazırlayıb.