Prezident yanında Bilik Fondunda “Azərbaycan müəllimi” qəzeti ilə birgə keçirilən “Ən yaxşı yazı” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi olub.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Nurəddin Heydərov müsabiqənin gedişi və yekunları haqqında məlumat veriblər. Qeyd olunub ki, 2017-ci il martın 1-dən start verilən müsabiqənin məqsədi müəllimləri yaradıcı və metodiki axtarışlara həvəsləndirmək, təcrübə mübadiləsinə cəlb etməkdir. Paytaxt Bakı ilə yanaşı, Sumqayıt, İsmayıllı, Şamaxı, Ağsu, Salyan, Astara, Sabirabad, Qubadlıdan təhsil işçiləri müsabiqədə xüsusilə fəal iştirak ediblər. Ümumilikdə 21 şəhər və rayondan 80-dən çox metodiki iş daxil olub.
Birinci mərhələdə yazılara ayrı-ayrı fənlər üzrə təcrübəli müəllimlər, pedaqoq-metodistlər və alimlər tərəfindən baxılıb. Seçilmiş 28 yazı ikinci mərhələdə Təhsil İnstitutu, “Azərbaycan müəllimi” qəzeti, Bilik Fondunun əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticədə 1 yazı I yerə, 3 yazı II yerə, 5 yazı III yerə layiq görülüb, qalan 19 yazının müəlliflərinə isə həvəsləndirici mükafatın verilməsi qərara alınıb.
Tədbirdə söz alan qaliblər belə bir müsabiqənin keçirilməsinə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.