Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxanasında 26 iyun - Beynəlxalq narkomaniya və narkobiznesə qarşı mübarizə gününə həsr olunmuş görüş keçirilib. Görüşdə şəhər 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdləri və fəal oxucuların bir qrupu iştirak edib.
Tədbiri MKS-nin direktoru Solmaz Babanlı açaraq insanlıq üçün böyük bəla olan narkomaniyanın bütün dünyada geniş yayıldığını, bununla bağlı ölkəmizdə də dövlət proqramlarının qəbul olunduğunu bildirib.
Xidmət şöbəsinin böyük kitabxanaçısı Kəmalə Nuriyeva “Narkomaniya - bəşəriyyətin sosial-iqtisadi bəlasıdır” adlı məruzə ilə çıxış edib. Qazax Rayon Polis Şöbəsinin baş inspektoru Bilal Allahverdiyev, həkim-narkoloq Nahidə Qasımova və digər çıxış edənlər narkomaniya ilə mübarizədə bütün cəmiyyətin səfərbər olmasının vacibliyini vurğulayıblar.