“İnanıram ki, dövlətin göstərdiyi diqqət və qayğıya Gəncə Dövlət Filarmoniyası yüksək mədəni xidmətləri ilə cavab verəcək"
   
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə tanınmış opera müğənnisi, Xalq artisti Samir Cəfərov Gəncə Dövlət Filarmoniyasına direktor təyin edilib.   
   İyunun 22-də şəhərdəki Məhsəti Gəncəvi Mərkəzində direktorun kollektivə təqdim edilməsi ilə bağlı tədbir keçirildi.
   Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Gəncədə mədəniyyət ocaqlarının tikintisi və müasirləşməsi prosesinin uğurla davam etdiyini dedi. Bildirdi ki, bu sırada Gəncə Dövlət Filarmoniyası xüsusi yer tutur. Dövlətimizin başçısı 2012-ci il yanvarın 21-də Gəncədə olarkən filarmoniyanın yeni binasının təməlini qoyub. Hazırda bu obyektdə işlərin əsas hissəsi görülüb. Məlumat verildi ki, bir hektardan çox ərazidə tikilən altımərtəbəli binada layihə üzrə 1200 tamaşaçı yeri olan konsert zalı, iki kinozal, açıq havada yay estradası meydanı, şəkil qalereyası, baxış qülləsi yaradılır. Binada restoran və kafelər, yeraltı qaraj da olacaq.
   Tədbirdə çıxış edən nazir Əbülfəs Qarayev dövlətin hər zaman mədəniyyət və incəsənət xadimlərinə diqqət və qayğı ilə yanaşdığını dedi. Bildirdi ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycan xalqının mədəni irsi, musiqisi dünyada layiqincə təbliğ olunur. Bir sıra maddi və qeyri-maddi mədəni irs nümunələrimiz UNESCO-nun siyahılarına daxil edilib. 
   Nazir həmçinin Gəncə şəhərinin mədəni həyatından danışdı. Bildirdi ki, Gəncə tarixən Azərbaycanın, eləcə də Şərqin böyük mədəniyyət mərkəzi olub: "Gəncə Azərbaycanın ədəbiyyatına, mədəniyyətinə və incəsənətinə böyük şəxsiyyətlər bəxş edib. Bu ənənə davam etməlidir. Bu işdə uzun illər fəaliyyət göstərən, özünün ənənələri formalaşan Gəncə Dövlət Filarmoniyası da layiqincə fəaliyyət göstərməlidir. İndi filarmoniya üçün yeni, müasir bina inşa edilir. İnanıram ki, dövlətin göstərdiyi diqqət və qayğıya Gəncə Dövlət Filarmoniyası da öz yüksək mədəni xidmətləri ilə cavab verəcək".
   Əbülfəs Qarayev Gəncə Dövlət Filarmoniyasının gələcək fəaliyyəti ilə bağlı tapşırıq və tövsiyələrini verərək, kollektivə fəaliyyətində uğurlar arzu etdi.
   Sonda Samir Cəfərov çıxış edərək ona göstərilən böyük etimada görə minnətdarlığını bildirdi. Qeyd etdi ki, bundan sonrakı fəaliyyətini Gəncə Dövlət Filarmoniyasının işinin günün müasir tələbləri səviyyəsində qurulmasına həsr edəcək.
   
   Fariz