Yerlərdəki mədəniyyət ocaqları ölkəmizin mədəni, tarixi dəyərlərinin, turizm imkanlarının təbliğində daha fəal iştirak etməlidir
   
   İyunun 22-də Gəncə şəhərində nazir Əbülfəs Qarayevin iştirakı ilə Mədəniyyət və Turizm Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi. Müşavirəyə nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələrinin rəisləri, məsul əməkdaşları qatılmışdı.   
   Tədbirdə 2017-ci ilin yanvarından fəaliyyətə başlayan regional idarələrin əldə etdiyi nəticələr təhlil edildi və qarşıda duran vəzifələr müzakirə olundu. Həmçinin regional idarələrin yay turizm mövsümü ərzində fəaliyyət istiqamətləri dəyərləndirildi.
   Nazir müşavirəni açaraq əvvəlcə Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı sərəncama əsasən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuş şəxsləri təbrik etdi.
   Sonra Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və turizm sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məruzə ilə çıxış etdi. Bildirdi ki, ölkə Prezidentinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 29 mart 2016-cı il tarixli sərəncamına uyğun olaraq yaradılan 15 regional mədəniyyət və turizm idarəsinin fəaliyyətinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir. Regional idarələrin təşkili mədəniyyət və turizm sahələrində daha çevik idarəçiliyin təmin olunmasına xidmət edir. 
   Vurğulandı ki, həyata keçirilən islahatlar nəticəsində regionlarda mədəniyyət və turizmin inkişafı istiqamətində işlər daha sürətlənib. Bu islahatlar həm də büdcə vəsaitlərindən daha səmərəli istifadə etməyə imkan yaradıb.
   Nazir ölkəmizdə turizm sahəsində həyata keçirilən işlərdən də danışdı. Qeyd etdi ki, regionlarda turizm sənayesinin inkişafı, turizm klasterlərinin yaradılması istiqamətində addımlar davam etdirilir. Yerlərdə həm yerli, həm də xarici turistlərin asudə vaxtlarının təşkili işinə diqqət artırılmalıdır. Regional mədəniyyət və turizm idarələri bu işlərdə yaxından iştirak etməli, turizm məkanlarında, açıq havada müntəzəm konsertlər, sərgilər təşkil olunmalıdır. 
   Bildirildi ki, regional mədəniyyət və turizm idarələri ölkəmizin mədəni, tarixi dəyərlərinin, turizm imkanlarının xarici qonaqlara tanıdılması və təbliğində aktiv iştirak edirlər. Regionlardakı mədəniyyət müəssisələri, rəqs və musiqi kollektivləri bu işlərə daha çox cəlb olunmalıdır.
   Nazir regionlarda kitabxana işinin günün müasir tələbləri səviyyəsində qurulması ilə bağlı işlərdən də bəhs etdi. Qeyd etdi ki, bu il ötən illərə nisbətən kitabxana kollektoru vasitəsilə kitab alınmasına iki dəfə çox vəsait ayrılıb.
   Müşavirədə həmçinin yay turizm mövsümü ilə bağlı yeni turizm marşrutlarının yaradılması istiqamətində müvafiq tapşırıqlar verildi. 
   Regional idarələrin işinin təşkilində islahatların davam etdiriləcəyini deyən nazir əlavə etdi ki, mövcud problemlərin aradan qaldırılması, müvafiq sənədləşmə işlərinin həyata keçirilməsi, müraciətlərə baxılması və vaxtında öz həllini tapması diqqətdə saxlanılır. Regionlarda mədəniyyət müəssisələri arasında əlaqələrin, qonşu rayonların mədəniyyət kollektivlərinin mübadiləsinin təşkili, kollektivlərdə çalışanların əməyinin qiymətləndirilməsi kimi məsələlərə də önəm verilməlidir.
   Müşavirədə çıxış edənlər mövcud problemlərin həlli, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, tələblərə uyğun gəlməyən müəssisələrin gələcək fəaliyyəti barədə təkliflərin hazırlanıb həyata keçirilməsi barədə fikirlərini bildirdilər. Regional mədəniyyət və turizm idarələrinin fəaliyyəti ilə bağlı təkliflər səsləndi, fikir mübadiləsi aparıldı.
   Sonda nazir yerlərdə mədəniyyət və turizm xidmətlərinin günün müasir tələbləri səviyyəsində qurulmasının vacibliyini bir daha diqqətə çatdırdı. İdarə rəhbərlərinə işlərinə daha ciddi yanaşmaları və səmərəli fəaliyyət göstərmələri üçün tapşırıqlar verildi.
   
   Fariz Hüseynov