Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (DTT) dəstəyi ilə iyulun 7-dən 9-dək Rusiya Federasiyasının Həştərxan vilayətində “Qastronomik İpək yolları. Ləzzətli səyahət” forum-festivalı keçiriləcək.
Festivalda DTT-nin “İpək Yolu” proqramının iştirakçısı olan Azərbaycan, Yunanıstan, İran, İspaniya, Qazaxıstan, Çin, Rusiya, Özbəkistan və digər ölkələrdən turizm biznesinin nümayəndələri, restoran və hotel işçiləri, baş aşpazlar, ərzaq məhsulları və içki istehsalçıları, elm və mədəniyyət xadimləri, marketinq və reklam sahəsində mütəxəssislər iştirak edəcəklər.
Forum-festival çərçivəsində Rusiyadan və digər ölkələrdən tanınmış baş aşpazlar iyulun 4-dən başlayaraq Həştərxan restoranlarında ustad dərsləri keçəcəklər.
Forum-festival DTT-nin “İpək Yolu” proqramının inkişafında marağı olan bütün iştirakçılar arasında birbaşa əlaqələrin qurulması üçün platforma olacaq.
1994-cü ildən DTT tarixi İpək Yolu marşrutlarında turizmi inkişaf etdirməyə başlayıb. 19 ölkə “dünyada mədəni baxımdan ən cəlbedici turizm istiqamətlərindən biri kimi bu əfsanəvi yolların dinc vasitələrlə və səmərəli dirçəldilməsi üçün” DTT-nin təşəbbüsünə qoşulub. Sonrakı mərhələdə “İpək Yolu” proqramının iştirakçılarının sayı Asiya, Afrika və Avropadan ölkələr olmaqla 30-u keçib.