İyunun 28-də Gürcüstanın paytaxtı Tbilisidə Beynəlxalq xalça festivalının açılışı olub. Azərbaycan Xalça Muzeyinin dəstəyi ilə milli xalçaçılıq sənətimiz də festivalda nümayiş olunur.
Festival çərçivəsində ilk tədbir Tbilisi Xalq Tətbiqi Sənəti Muzeyində keçirilib.
Muzeyin direktoru İrina Koşoridze açılış nitqində festivalın əhəmiyyətindən danışıb, bu cür tədbirlərin mədəni əlaqələrin daha da genişlənməsində mühüm rol oynadığını bildirib.
Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova festival çərçivəsində xalçalarımızın da təqdim olunduğunu və xarici qonaqların incəsənət nümunələrinə maraq göstərdiyini bildirib.
Sonra Tbilisi Xalq Tətbiqi Sənəti Muzeyinin direktor müavini Nino Kepşidze, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva çıxış edərək beynəlxalq festivalın əhəmiyyətindən danışıblar.
Leyla Əliyeva bildirib ki, keçən il Axaltsixedəki Rabat qalasında təşkil olunan festivalda təkcə Azərbaycanda toxunan xalçalar deyil, həm də Gürcüstanda yaşayan azərbaycanlıların, eyni zamanda, muzeyin nəzdində fəaliyyət göstərən xalça dərnəyinin üzvlərinin toxuduqları 55 xalça nümunəsi nümayiş etdirilib. Bu festivalda Qarabağ, Naxçıvan, Borçalı, Qazax, Qaraçöp və digər bölgələrdən olan ustaların toxuduğu xalça nümunələri sərgilənir.
Festival çərçivəsində Türkiyədən gələn xalça ustası Dəniz Coşqun ustad dərsi keçib.
Tədbirdə ustad dərsləri ilə yanaşı, xalçaların, ornamentlərin hazırlanması texnikası, boyama, dizayn və digər müxtəlif maarifləndirici proqramlar da təşkil olunur.
Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova jurnalistlərə müsahibəsində deyib ki, muzey festivalda 24 xalça nümunəsi ilə iştirak edir: “Bizim təqdim etdiyimiz xalça nümunələri XIX əsrin sonu - XX əsrin əvvəllərini əhatə edir. Bu nümunələr Azərbaycan xalçaçılığının nadir nümunələridir. Bu il biz Azərbaycan Xalça Muzeyinin 50 illik yubileyini qeyd edirik. Əlamətdar yubiley münasibətilə silsilə tədbirlər keçirilir və bu tədbir də həmin silsiləyə daxildir”.
Qeyd edək ki, xalça festivalı iyunun 30-dan iyulun 2-dək Axaltsixedəki Rabat qalasında davam edəcək. Burada Azərbaycan xalçalarının, keramika və zərgərlik nümunələrinin sərgisi də keçiriləcək. Rəssam Tariyel Bəşirov isə festivalda kətan xalçaçılığı barədə ustad dərsləri aparacaq.