Xaçmaz şəhərində 25 ildən artıq müddətdə fəaliyyətsiz qalan kinoteatrda əsaslı təmirdən sonra ilk film nümayiş etdirilib.
Rayondakı Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən “Xəzər” kinoteatrının binası yenidən qurularaq filmlərin yüksək səviyyədə nümayişi üçün müasir avadanlıqla təchiz edilib.
İlk filmin təqdimatı münasibətilə təşkil olunan mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri, kino və incəsənət xadimləri və kinosevərlər iştirak ediblər.
Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev məlumat verib ki, müasir kinoteatr binasında 300 nəfərlik zal mövcuddur. Əvvəllər baxımsız vəziyyətdə olan kinoteatr binasında bundan sonra film və müxtəlif səhnə əsərləri nümayiş etdiriləcək ki, bu da rayon sakinlərinin istirahət vaxtlarının daha səmərəli təşkili üçün əlavə imkanlar yaradır.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, Xalq artisti Afaq Bəşirqızı, Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə və başqaları da çıxışlarında regionlarda mədəniyyət ocaqlarının fəaliyyətinin əhəmiyyətindən danışıblar.
“Xəzər” kinoteatrında əsaslı təmirdən sonra ilk nümayiş etdirilən ekran əsəri rejissor Ülviyyə Könülün “Həddən artıq uyğunluq” bədii filmi olub. Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.