Paytaxt sakinləri ilə bərabər, şəhərin qonaqlarının, yerli və xarici turistlərin də maraq göstərdiyi məkan olan Bakı Zooloji Parkında yenidənqurma işləri başlayır. Bu barədə Heydər Əliyev Fondundan məlumat verilib. Bildirilir ki, layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşacaq.
   Leyla Əliyeva iyunun 28-də Bakı Zooloji Parkını bir daha ziyarət edərək buradakı mövcud vəziyyət və görüləcək işlərlə tanış olub.
   Həyata keçiriləcək tədbirlər çərçivəsində zoopark ərazisinin genişləndirilməsi, ziyarətçilər üçün daha rahat məkana çevrilməsi, heyvanların saxlanma şəraitinin yaxşılaşdırılması və ərazidə müxtəlif əyləncə obyektlərinin istismara verilməsi nəzərdə tutulub.
   Nəticədə zooparkın ərazisi iki dəfə genişləndiriləcək. Heyvanların öz arealına daha yaxın şəraitdə yaşamalarını təmin etmək, həm də sakinlərin və şəhərimizin qonaqlarının rahat və zövqoxşayan ziyarətlərini təşkil etmək məqsədilə zooparkda daha təbii mühit yaradılacaq.
   Zooparkın əməkdaşları üçün beynəlxalq təcrübəli mütəxəssislər tərəfindən təlimlər keçiriləcək. Heyvanlar EAZA (Avropa Zoopark və Akvariumlar Assosiasiyası) standartlarına uyğun şəraitdə saxlanılacaq. Qəfəslər (volyerlər) hər növün özünəməxsus ehtiyacları nəzərə alınaraq hazırlanacaq və onların sahəsi genişləndiriləcək. Ziyarətçilər heyvanların təbii davranışlarını izləyə biləcək, maarifləndirici tablo və materiallar əsasında oradakı müxtəlif heyvanlar barədə ətraflı məlumat əldə edəcəklər.
   Zoopark cəmiyyətin bütün hədəf qrupları üçün heyvanlar və təbii ekosistem, xüsusən Azərbaycanın nadir təbiəti haqda məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevriləcək. Uşaq və gənclərin təbiət və onun mühafizəsi haqqında biliklərinin artırılmasına yönələn proqramların həyata keçirilməsinə xüsusi önəm veriləcək.
   Zooparkın daxilində azyaşlı uşaqlar üçün ev heyvanlarından ibarət sevimli guşə və kəpənəklər evi də fəaliyyət göstərəcək. Yaralı və xəstə heyvanlar üçün xüsusi karantin zonası və reabilitasiya mərkəzinin də tikilməsi nəzərdə tutulur.
   Eyni zamanda Zooloji Parkın fəaliyyətinin səmərəliliyinin artırılması və ictimaiyyətlə əlaqələrin təkmilləşdirilməsi məqsədilə yeni internet səhifəsi yaradılacaq.
   80 ildən artıq Bakı sakinləri və şəhərin qonaqlarının xidmətində olan zoopark yenidənqurma işlərindən sonra hər kəsi insan, təbiət və heyvanların bir araya gələcəyi bir məkana çevrilməsinin şahidi olmağa dəvət edir. 
   
   Fariz Hüseynov