Astanada beynəlxalq konfrans çərçivəsində “Molla Pənah Vaqif” kitabının təqdimatı olub
İyunun 26-27-də Qazaxıstanın paytaxtı Astanada “Oxuyan dünyada oxuyan millət” adlı beynəlxalq simpozium keçirilib. Simpoziumda “Kitabxana müasir rəqəmsal texnologiya və mədəniyyətlərarası kommunikasiya kontekstində”, “Kitabxana və muzeylər: sosial-mədəni mühitdə rolu və funksiyaları”, “Millətin mədəni irsinin yazılı abidələri” və s. mövzularda çıxışlar dinlənilib.
Beynəlxalq tədbir çərçivəsində TÜRKSOY-un təqdim etdiyi “Türk dünyasının rəngləri” adlı fotosərgi də nümayiş olunub.
Simpozium çərçivəsində türkdilli dövlətlərin milli kitabxana direktorlarının V beynəlxalq konfransı keçirilib. Konfransda türkdilli dövlətlərin kitabxanalarının bazalarının artırılması məsələləri müzakirə edilib.
Tədbirin moderatoru M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov “Azərbaycan kitabxanası bu gün” mövzusunda çıxış edib.
Kərim Tahirov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı -TÜRKSOY tərəfindən 2017-ci ilin böyük Azərbaycan şairinin xatirəsinə “Molla Pənah Vaqif ili” elan edildiyini xatırladıb, quruma minnətdarlığını bildirib.
TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov konfransda çıxış edərək Molla Pənah Vaqifin əsərlərinin bir neçə dilə tərcümə olunması ilə bağlı işlərin aparıldığını bildirib.
Konfrans çərçivəsində akademik Nizami Cəfərovun “Molla Pənah Vaqif” kitabının təqdimatı keçirilib.
Nizami Cəfərov kitabda şairin həyat və yaradıcılığından, dünyagörüşündən bəhs edildiyini söyləyib.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı konfransda “Sosial-mədəni mühitdə tarixi muzeylərin yetişməkdə olan nəslin formalaşmasına təsiri” mövzusunda çıxış edib.
Yekunda türkdilli dövlətlərin milli kitabxana direktorlarının V beynəlxalq konfransının bəyannaməsi imzalanıb.
Qazaxıstan Mədəniyyət və İdman Nazirliyi tərəfindən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova minnətdarlıq diplomu təqdim edilib.