İyunun 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, Xalq artisti Ələsgər Ələkbərovun (1910-1963) 100 illiyi münasibətilə yubiley tədbiri keçirildi.
Tanınmış mədəniyyət və incəsənət xadimlərinin, mərhum sənətkarın ailə üzvlərinin iştirak etdikləri yubiley tədbirində sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə, xalq artisti Ağakişi Kazımov və digərləri çıxış etdilər. Qeyd olundu ki, Ə.Ələkbərov yarım əsrə yaxındır ki, həyatda olmasa da, onun adı sənət aləmində böyük hörmət və ehtiramla xatırlanır. Bir çox filmlərdə və teatr səhnəsində yaddaqalan obrazlar yaradan Ə.Ələkbərov adını sənət tariximizin silinməz səhifələrinə əbədi həkk etmiş sənətkarlardandır.
Aktyor 1927-1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil aldıqdan sonra Türk İşçi Teatrında işləyib. Bir neçə il müxtəlif teatrlarda çalışan sənətkar 1933-cü ildən yaradıcılıq taleyini indiki Akademik Milli Dram Teatrına bağlayıb. Hələ yaradıcılığının ilk illərindən Ə.Ələkbərovun tamaşalarına baxanlar uzun müddət onun yaratdığı obrazın təsirindən çıxa bilmirdilər. Onun səhnədə yaratdığı Vaqif (“Vaqif”) və Otello (“Otello”) obrazları milli teatr sənətimizin incilərindəndir.
Aktyor Vaqif rolunda 1000 dəfədən çox səhnəyə çıxıb.
Görkəmli sənətkar milli kinomuzda da layiqli iz qoyub. Onun “Fətəli xan» (Fətəli xan), “Qara daşlar” (İsmayılzadə), «Səhər» (Rəhim bəy), «Böyük dayaq» (Rüstəm kişi), “Ögey ana” (Hüseyn dayı), “Uzaq sahillərdə” (Ferrero) və s. filmlərdə yaratdığı obrazlar Azərbaycan kino tarixində xüsusi yer tutur.
Yubiley gecəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı aktyorlarının ifasında Ələsgər Ələkbərovun yaradıcılığında mühüm yer tutan “Vaqif”, “Otello”, “Bahar suları” tamaşalarından parçalar göstərildi, görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarxlar və fotoşəkillər nümayiş olundu. Yubiley tədbiri çərçivəsində teatrın foyesində Ələsgər Ələkbərovun yaradıcılıq fəaliyyətini əks etdirən lövhə də hazırlanmışdı.
Tamaşaçıların maraqla izlədiyi tədbirin sonunda mərasimin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə və teatrın rəhbərliyinə minnətdarlıq bildirildi.
Ceyhun