Mədəniyyət və turizm ictimaiyyəti Ermənistan ordusunun azərbaycanlı mülki əhalini qətlə yetirməsi ilə əlaqədar bəyanat yayıb
İyulun 4-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə zonasında atəşkəs rejimini növbəti dəfə pozan işğalçı ordunun birləşmələri bu dəfə də xaincəsinə davranaraq azərbaycanlı əhalinin yaşadığı kəndləri hədəf alıb. Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndindəki yaşayış evlərini iriçaplı silahlardan atəşə tutması nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz ağır yaralanıb. Bu mənfur hadisə bütün ölkə ictimaiyyətinin, dünyada yaşayan soydaşlarımızın hiddətinə səbəb olub.
Respublikamızın mədəniyyət və turizm ictimaiyyəti də işğalçı Ermənistan ordusunun azərbaycanlı mülki əhalini qətlə yetirməsi ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda deyilir ki, Ermənistanın Azərbaycana qarşı 25 ildən bəri davam edən hərbi təcavüzü, işğalçılıq siyasəti ilk gündən mülki əhaliyə, dinc insanlara qarşı qırğınlarla müşayiət olunub. 1992-ci ildə Xocalı soyqırımını törədən işğalçı ordu ötən müddətdə minlərlə günahsız insanın həyatına son qoyub. Azərbaycanlı əhaliyə qarşı aparılan etnik təmizləmə, işğal olunmuş ərazilərdə Azərbaycan xalqının tarixi, dini və mədəni abidələrinin dağıdılıb talan edilməsi Ermənistan Respublikasının işğalçı və terror siyasətini bariz şəkildə nümayiş etdirir. Alxanlı kəndində törədilən son hadisə ilə erməni qəsbkarları, Ermənistan hakimiyyəti bir daha öz barbar xislətini göstərmiş oldu.
Azərbaycanın mədəniyyət və turizm ictimaiyyəti beynəlxalq birliyi bu cür qəddarlığa, amansızlığa və qeyri-insani hadisələrə laqeyd qalmamağa və Azərbaycan xalqının pozulmuş hüquqlarının bərpa olunmasında birgə mübarizəyə çağırır. Bildirilir ki, beynəlxalq birliyin illərdir davam edən hərbi təcavüzə laqeydliyi işğalçı ordunun daha azğın davranmasına, mülki əhaliyə qarşı hücumlarını davam etdirməsinə zəmin yaradır: “Biz münaqişənin sülh yolu ilə həllinə çalışan beynəlxalq təşkilatları, dünya ictimaiyyətini işğalçı Ermənistan ordusunun bu qanlı cinayətləri ilə bağlı qətiyyətli tədbirlər görməyə çağırırıq.
Mədəniyyət və turizm ictimaiyyəti, bütün Azərbaycan xalqı qüdrətli ordumuzun gec-tez erməni işğalı altında olan torpaqlarımızı geri qaytaracağına inanır.
Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğala son qoyulması ilə bağlı bundan sonra atacağı bütün addımları dəstəkləyir və Ali Baş Komandanın hər əmrinə hazır olduğumuzu bildiririk!
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və yaralanan mülki şəxsin tezliklə şəfa tapmasını diləyirik”.
Bəyanat Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Teatr Xadimləri İttifaqı, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Azərbaycan Memarlar İttifaqı, Milli Turizm Təbliğat Bürosu, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Konqreslər Bürosu, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyi, Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birliyi adından verilib.