Oxudular, oynadılar və mükafatları aldılar
İyul ayı gəlincə teatr aktyorları, eləcə də bizim səhnədə görmədiyimiz texniki heyət rahat nəfəs alır. Bəs necə? Axı, onların - bizlərə mənalı istirahət, dolğun asudə vaxt bəxş edənlərin də dincəlməyə haqqı var. Amma paytaxtımızda bir neçə teatr var ki, onların mövsüm sonu, televiziya dili ilə desək, sezon finalı daha maraqlı və yaddaqalan olur.
Aktrisalar uzunətəkli ziyafət donlarını geyinir, aktyorlar «kəpənək» qalstuklarını taxır, texniki heyətdə çalışanlar da mümkün qədər bayramsayağı görünməyə çalışırlar. Balet truppası da valsla tədbiri açıb, rəqs nömrələri nümayiş etdirir, vokalçılar mahnı oxuyurlar. Üstəlik, teatrın qapısını açanlara şirniyyat süfrəsi təklif edilir. Yəni teatr kollektivi özü üçün bir bayram edir. Düzdür, tədbirin qonaqları da olur, amma hər halda əsas çıxışçılar kimi dinləyici və tamaşaçıların da çoxu elə özləridir.
Söhbət iyulun 4-də Azərbaycan Dövlət Musiqili Teatrında baş tutan son tədbirdən gedir. Düzdür, hələ qarşıda qastrol səfəri və mövsümün sonuncu premyerası gözlənilsə də, teatrın rəhbərliyi ənənəyə sadiq qalaraq mövsüm boyu fərqlənmiş ən yaxşılarının ismini bəyan etdi.
Mərasimi açan teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev mövsüm ərzində görülən işlərdən, yeni tamaşalardan, bölgələrə qastrol səfərindən danışdı. Bu günlərdə İranda keçirilən Azərbaycan mədəniyyəti günlərində teatrın yaradıcı qrupunun Üzeyir Hacıbəylinin «Ər və arvad» tamaşasını təqdim edəcəyi də diqqətə çatdırıldı. Kollektivin mövsümü 14-15 iyulda yeni tamaşa ilə (İ.Sadıqov - “Molla Nəsrəddinin beş arvadı”) ilə bağlayacağı da qeyd olundu.
Direktor çıxışında bu mövsümdə fəxri ad alan, daha yuxarı dərəcəyə keçən işçiləri təbrik etməyi də unutmadı. Mərasimə təşrif buyurmuş qonaqları - Xalq artisti Şəfiqə Məmmədovanı, qocaman rejissor Alik Usubovu, dramaturq Əli Əmirlini, İrandan gəlmiş yaradıcı dostları, digər teatrlardan gəlmiş aktyorları xüsusi salamladı.
Salamlamaq demişkən, Əməkdar artist Əkbər Əlizadənin oxuduğu «Mən sənətkaram» mahnısı onun öz həmkarlarına ən yaxşı salamı oldu. Bu yerdəcə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev səmimi ortamda keçəcəyi bəlli olan məclisə telefonla qoşularaq, kollektivi mövsümü uğurla başa vurması münasibətilə təbrik etdi, Musiqili Teatrın binasında keçirilən mühüm tədbirlərdə, IV Beynəlxalq Teatr Forumu günlərində bir nəfər kimi intizam və məsuliyyətlə çalışmış bütün kollektivə bir daha təşəkkürünü bildirdi.
Nominasiyaların sadalanması isə teatrın sevimli aktrisası - Xalq artisti Afaq Bəşirqızının podiuma çağırılması ilə başladı. Görkəmli gülüş ustası, əvəzsiz aktyor Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi və hər il mövsümün sonunda Musiqili Teatrın bir aktyoruna verilən «Büllur alma» mükafatı mərhum aktyorun qızı Tamilla xanım tərəfindən A.Bəşirqızına təqdim olundu. Afaq xanım mükafat üçün minnətdarlığını bildirəndən sonra da improvizə edilmiş səhnədə qaldı. Çünki il ərzində tamaşalarda iştirak etmiş balaca aktyorlar - Fatma Hüseynova, Rahib Məmmədzadə və Tamerlan Əhmədov həyatlarının ilk sənət ödülünü görkəmli aktrisanın əlindən qəbul etməli idilər.
Sonra isə bir-birinin ardınca seçilənlər öz mükafatlarını əllərinə aldılar. Ülviyyə Əliyeva və Əkbər Əlizadə mövsümün sevilən aktyorları, Rauf Babayev və Elnarə Nağdəliyeva mövsümün perspektivli aktyorları, Ruslan Mürsəlov «Mövsümün ən məhsuldar aktyoru», Cəlalə Novruzlu «Mövsümün ən yaxşı balet artisti», Murad Əliyev «Mövsümün ən yaxşı xor artisti», Qabil Gözəlov «Mövsümün ən işgüzar əməkdaşı», Anar Muradov «Mövsümün ən yaxşı texniki işçisi», Elməddin Dadaşov «Mövsümün ən yaxşı rejissor assistenti», Emil Heydərov «Mövsümün aktyoru», Nərgiz Kərimova isə «Mövsümün aktrisası» elan edildilər. Mövsümdə uğurlu debüt etmiş gənc aktyorlar - Aydan Həsənova və Atəş Qarayevə isə diplomu öz sənət müəllimləri, həm də «Mövsüm ərzində teatrın dostu» kimi dəyərləndirilən Şəfiqə Məmmədova təqdim etdi. Gülcahan Salamova «Bərpa tamaşasında uğurlu rola görə», Xalq artisti Şükufə Yusupova «Mövsüm ərzində qadın rolunun uğurlu ifasına görə», Xalq artisti Fatma Muxtarova «Ən yaxşı ictimaiyyətçi» kimi diplomlara layiq görüldülər.
Tədbir boyu əməkdar artistlər Almaz Ələsgərova və Əkbər Əlizadə, Aydan Həsənova, Firuz Məmmədov, Səmədzadə Xasıyev, Atəş Qarayev, Gültac və Hüseyn Əlililər elə bir konsert proqramı təqdim etdilər ki, kənardan bu tədbirə dəvət olunmuş tək-tük qonaqlardan biri kimi düşündüm ki, belə maraqlı təqdimat mərasimini korporativ tədbir çərçivəsində deyil, geniş tamaşaçı kütləsinin iştirakı ilə, bəlkə də lap açıq havada, yolun o biri üzündəki bulvarda, ya elə teatr binasının qarşısında tamaşaçıların alqışları altında keçirmək daha yaxşı olardı. Yəqin ki, gələcəkdə bu barədə düşünməyə dəyər.
Gülcahan Mirməmməd